"Ermənistanın son təxribatı öz planı deyil. Ermənistan bu addımı xarici qüvvələrin təhriki ilə edib".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Ermənistan bir sıra dövlətlər tərəfindən silahlandırılmaqdadır:
"Aydın məsələdir ki, müharibədən sonra Ermənistan çox üzgün vəziyyətdə idi. Heç başını qaldırmağa onun gücü-heyi yox idi. Yavaş-yavaş özünə gəldikdən sonra Ermənistanın radikal qüvvələri istər Nikol Paşinyanın ətrafında, istərsə də, ona müxaliflik törədən qrup çərçivəsində revanşizm ideyalarını təbliğ etməyə və onun tətbiqini gücləndirməyə başladılar.
Biz bilirik ki, Ermənistan müxtəlif dövlətlər tərəfindən silahlanır. Ermənistana silah verən təkcə Rusiya və İran deyil. Hindistan, Yunanıstan, Kipr, Fransa və bəzi Avropa ölkələri də silah verir. Onlar yaxşı anlayırlar ki, Ermənistanın Azərbaycana güc gəlmə imkanları sıfıra bərabərdir.
Düzdür, Ermənistan silah alaraq, bir az güclənib, lakin o dərəcədə deyil ki, Azərbaycana meydan oxusun. Ya da ki, mücadilə meydanında Azərbaycana sinə gərsin. Odur ki, təxribat yolu ilə kənar qüvvələr çalışırlar ki, böyük bir ssenarini həyata keçirsinlər, çaxnaşma salsınlar, Azərbaycanla Ermənistan arasında yeni müharibə yaratsınlar".
Politoloq qeyd edib ki, bu müharibəyə kənar qüvvələr daxil olduğu təqdirdə həqiqətən də böyük oyun oynanıla bilər:
"Rusiyanın hazırda Ukrayna cəbhəsi var. Bütövlükdə o xəttə köklənib. Digər tərəfdən burada İran da var. Biz bildiyimizə görə, o da Ermənistanın arxasında durub. Burada böyük bir plan işlənilib ki, Azərbaycanın imkanları məhdudlaşsın, Zəngəzur dəhlizinin qarşısı alınsın.
Amma Azərbaycan israrlıdır ki, Zəngəzur dəhlizini həm yaratsın, həm də işlək vəziyyətdə olsun. Dövlətlər, xalqlar bundan bəhrələnsinlər. Odur ki, bu proseslərin qarşısını almaq üçün onlar ən yaxşı vasitə kimi müharibəni görürlər. Lakin bu, onların istəyidir. Bu, o demək deyil ki, Ermənistan buna hazır olacaq və həyata keçirə biləcək.
Digər tərəfdən, dünya erməniləri bu planın intizarındadır ki, reallaşsın. Fikrimcə, Azərbaycan dövlətinin siyasəti kifayət qədər praqmatik və sağlamdır. Biz ermənilərin bütün təxribatlarına lazımi cavabları verəcəyik. Lakin imkan yaratmayacağıq ki, bizi müharibəyə sürükləsinlər. Bunu etsələr, Ermənistan suverenliyinin sonu olacaq. İkinci bir yol yoxdur!".
Aynurə Demokrat.az


