Gündəm Özəl

Deputat "söyüş blogeri" Tural Sadıqlı barədə: "Onlar İranın təlimatı ilə hərəkət edirlər..."

Deputat söyüş blogeri Tural Sadıqlı barədə: Onlar İranın təlimatı ilə hərəkət edirlər...

"Baş verən hadisələrin fonunda hamı siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətin yanında olmalı idi. Yəni, burada söhbət ümummilli məsələdən gedir. Deputat Fazil Mustafa da dövlətimizi təmsil edir və burada Azərbaycan terrora məruz qalan dövlətdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunaraq, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılan İlkin Süleymanovun Avropada gizlənən "söyüş blogeri" Tural Sadıqlı tərəfindən müdafiə olunmasına toxunan Ceyhun Məmmədov deyib:

"Həm Daxili İşlər Nazirliyi, həm Baş Prokurorluq, həm də DTX-nın son açıqlamaları onu göstərir ki, bu, əməliyyatlar koordinasiyalı şəkildə həyata keçirilir. Yəni hesab edirəm ki, burada təkcə hansısa hüquq-mühafizə orqanının bu əməliyyatı keçirməsi məsələsi müzakirə obyekti olmamalıdır. Yəni, burada müzakirə obyekti o olmalıdır ki, cinayətkarı dövlət tutub. Qaldı ki, xaricdə oturub, Azərbaycana qarşı kampaniya aparan bəzi bloggerlərə və ölkə daxilindəki bəzi müxalif qruplara, çox təəssüf ki, baş verən proseslər həmin şəxslərin də Azərbaycan dövlətinin yanında yox, İranın yanında olduğunu göstərir.

Son günlər Tural Sadıqlı kimi şəxslərin açıqlamalarına baxanda açıq hiss olunur ki, onların da bir çoxu İrandan qidalanırlar və İranın təlimatı ilə hərəkət edirlər. Ona görə burada ancaq təəssüflənmək lazımdır. Çox təəssüf ki, terrorçu qalıb bir qıraqda, terroru törədən qalıb bir qıraqda, kimlərsə Azərbaycan dövlətini hədəfə almağa, Azərbaycanın hüquq-mühafizə orqanlarını nüfuzdan salmağa çalışırlar. Bu insanların bəyanatlarında, çıxışlarında İranın əleyhinə bir dənə də fikir görmədim. Amma Azərbaycanın hüquq-mühafizə orqanları, Azərbaycan dövləti hədəfə alınır və hesab edirəm ki, bu da onlar arasında işbirliyinin olmasından və onların qərəzindən, ambisiyalarından, Azərbaycan dövlətinə, dövlətçiliyinə olan düşmənçilikdən irəli gəlir. Yəni, bu anlaşılan deyil. Yəni bu insanlar anlamalıdır ki, burada hədəf dövlətdir. Ona görə də məsələyə bu kontekstdə yanaşmalıdır. Amma təəssüf ki, Tural Sadıqlı kimi insanlar dövlətin yanında ola bilmədilər".

Şəhanə Demokrat.az

NE
Nihadə Eyyubova