"İranda üç ay içərisində mindən artıq məktəbli qızın zəhərlənməsi prosesi ətrafındakı müəmma hələ də davam edir. Üç ay bundan öncə müxtəlif universitetlərdə, bir çox tələbənin yedikləri qidadan zəhərləndiklərinə şahid olmuşduq. Qeyd etdiyimiz kimi, zəhərlənmələrin başlamasından üç ayın keçməsinə baxmayaraq hələ də zəhərlənməyə səbəb olan maddə tapılmır. Kim və ya kimlərin təqsirli və ya günahkar olduğu tapılmır. Məktəbli qızlar hansı məqsəd üçün zəhərlədilər? Bu suallarla bağlı heç bir konkret cavab yoxdur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Təbrizdən olan azərbaycanlı politoloq Çingiz Göytürk deyib.
Siyasi şərhçi qeyd edib ki, bu zəhərlənmələr hansısa qüvvələr tərəfindən məqsədli şəkildə təşkil edilir:
"Tehranda zəhərlənən tələbələri müalicə edən həkimlərdən birinin ifadəsi çox diqqət çəkicidir. O deyir ki, zəhərlənmələrə səbəb olan maddə normal insanların əldə edə biləcəyi bir zəhər deyil. Yəni, bu ya dövlətin birbaşa və ya dövlət içərisində bir qrupun və ya bir qruplaşmanın əldə edə biləcəyi bir zəhər maddəsidir.
İkincisi, İran İslam Respublikası bu hadisələr başladıqdan sonra bu haqda informasiyaların yayılmasının qarşısını almağa çalışırlar. Özəlliklə İran kəşfiyyat orqanının bu məsələdə xüsusi israrla ön plana çıxdığını ifadə edə bilərik. Buna müvəffəq olmadıqda isə panik ab-havasında bir-birini inkar edən açıqlamalar verməyə başladı. Daxili işlər naziri bir arqument, təhsil naziri isə başqa bir açıqlama səsləndirdi. Bu səsləndirdiklərinin hamısı bir-birini inkar edən və bir-birinə 180 dərəcə zidd olan açıqlamalar idi. 
Hadisənin motivləri ilə bağlı İran rəsmilərinin bütün neqativ məsələlərdə olduğu kimi, tək bir izahı vardır: sionistlərin və xarici düşmənlərin məsələdə əli vardır və s. Bu izahın İran cəmiyyətində həm beynəlxalq, dünya ictimaiyyəti içərisində gülünclə qarşılanacağını İran çox yaxşı bilir. Ancaq bundan başqa da izah edəcək bir məsələləri yoxdur və bu da açıq-aşkar göstərir ki, İran rejiminin birbaşa olaraq bu məsələdə əli vardır.
Məsələnin gerçək motivləri ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bir qrup belə hesab edir ki, son aylarda cərəyan edən qadın hərəkatında qadın tələbələrin ciddi fəallığı nəticəsində çox ciddi narahatlıq doğurub. İran molla rejimi də qadınlardan qisas almaq üçün bu yola əl atıb.
Başqa bir kəsimin fikrincə, dövlət daxilində təsirli bir qrup Talibanın fikirlərinə bənzər fikirlərə sahibdir və qızların təhsil almasını istəmir. İranda Əfqanıstanda olduğu kimi bunu qanunlarla tənzimləmək mümkün olmadığına görə belə bir yola əl atılıb".
Aynurə Demokrat.az


