Qarabağ Özəl

"Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqələri qoyulmalıdır"

Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqələri qoyulmalıdır

"Ekofəallarımızın artıq aksiyası bir neçə gündən sonra üç ay tamamında olacaq. Bu müddətdə ekofəallar çox nailiyyətlərə imza atmış oldular. Əvvəla bütün dünyanın diqqət və nəzərini Laçın yolunda ermənilərin və sülhməramlıların müşayiəti ilə qanunsuz logistik hərəkətlərinə, silah daşımalarına, mina daşımalarına hərbiçilərin, terrorçuların gediş-gəlişinə şərait yaradılmasını diqqətə çatdıra bildilər. Təbii ki, bizim təbii sərvətlərimizin qanunsuz istismarı ilə bağlı Azərbaycan dövlətinin rəsmilərinin bu yataqlarda monitorinq keçirilməsinə mane olmaları ilə bağlı məsələni gündəm çıxartdılar, ən yüksək tribunalarda məsələlər müzakirə olundu".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, amma ermənilər qanunsuz hərəkətlərini həyata keçirmək üçün alternativ variantlar axtarırlar:

"Bu alternativ yolla bağlı da artıq qarşıdurma olmuş, Ermənistan tərəfindən üç nəfər həlak oldu. İki nəfər də bizim şəhidimiz oldu və dünənki görüntülərdə görüldü ki, yenə də ermənilər həmin torpaq yolla qanunsuz daşımalarla məşğuldurlar və onları da Rusiya sülhməramlıları müşayiət edir. Bu, tamamilə Azərbaycana meydan oxumaqdır! Həm Rusiya sülhməramlıları tərəfindən, həm də Ermənistan, erməni separatçıları tərəfindən. Belə olanda sual yaranır ki, Azərbaycan nə etməli, məqsədə çatmaq üçün terrorçu ünsürləri və erməni hərbçilərini ərazilərimizdən çıxarmaq üçün nə etməlidir? İlkin olaraq cənab Prezident artıq bu mesajı verib ki, Laçın-Xankəndi yolunda Laçın dəhlizində sərhəd-keçid məntəqələri qoyulmalıdır və gedib gələn hər şey nəzarət altında olmalıdır. Həm insanlar, həm texnikalar və s. Amma ermənilər isə buna açıq şəkildə qəti etiraz edirlər. Çünki sərhəd keçid məntəqələri olduqda, onlar bu qanunsuz və cinayətkar hərəkətlərini reallaşdıra bilməyəcəklər.

Çox təəssüflər olsun ki, Rusiya Federasiyasının xarici işlər naziri Valentin İvanov Bakıda olarkən o da bir mesaj verdi ki, sərhəd-keçid məntəqələrinin qoyulması 2020-ci il 10 noyabr üçtərəfli sazişində nəzərdə tutulmayıb və onda biz də deyirik ki, həmin sazişin dördüncü və doqquzuncu maddələrinə bu günə qədər Rusiya sülhməramlıları niyə əməl etməyiblər?

Niyə eyni anda Rusiya sülhməramlıları Qarabağa gəldiyi andan erməni silahlı birləşmələri bu əraziləri tərk etməyiblər? Amma siz bu iki ildən də artıq bir müddətdə onlara dayaq olursunuz, yardım göstərirsiniz. Onlar növbəti döyüşə hazırlayırsınız. Belə olanda növbəti bir sual ortaya çıxır: Azərbaycan antiterror əməliyyatı keçirməyə başlamalıdırmı? Mənə elə gəlir ki, proseslər bunu aparır və Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə və Rusiya sülhməramlılarına artıq sonuncu dəfə etirazlarını bildirdilər.

Baş verən sonuncu hadisə və görüntülərlə bağlı, torpaq yolu ilə qanunsuz daşımalara şərait yaratmaları ilə bağlı və dünən də separatçılarının "lideri" Araik Harutunyanın Xankəndində separatçıların toplantısında "Azərbaycanla danışığa getməyəcəklər" kimi ifadəsi və "Azərbaycanla danışığa gedən hər kəsə qarşı da ciddi tədbirlər görüləcək" şüarları artıq Xankəndində səslənir. Bu, o deməkdir ki, onlar heç cür islah olmaq istəmirlər, sülh şəraitində yaşamaq istəmirlər. Azərbaycan vətəndaşlığını qəbul etməklə bölgədə Azərbaycanın konstitision quruluşunun bərpa olunmasına mane olmaq istəyirlər. Və onda bayaq dediyim suala cavab budur ki, Azərbaycan görünür ki, bu ərazidə mütləq antiterror əməliyyatı keçirməlidir və proseslər də buna gedir.

Görünən də budur və mən belə hesab edirəm ki, ermənilərə heç vaxt inanmaq mümkün deyil. İki ildən artıq bir müddətdir ki, onlar bu prosesi udmaqla, silahlanma ilə məşğuldurlar, dünya ictimaiyyətini Azərbaycana qarşı qoymaqla məşğuldurlar və daha güclü olduqdan sonra onlar açıq şəkildə, hətta müharibə çağırışları da etməyə davam edəcəklər. O baxımdan antiterror əməliyyatı bölgəmizdə, Qarabağda ermənilərin məskunlaşdığı ərazidə labüddür".

Nəzrin Demokrat.az

D
demokrat.az