Siyasət Özəl

“Belə kontaktlar hər bir halda vacibdir” — Ərəstun Oruclu Xocalıdakı görüşdən DANIŞDI

“Belə kontaktlar hər bir halda vacibdir” — Ərəstun Oruclu Xocalıdakı görüşdən DANIŞDI

"Qarabağdakı erməniləri Rusiya sülhməramlıları adlanan hərbi kontingentinin nəzarətindən çıxarmaq üçün müəyyən bir imkandır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Xocalıda baş tutan görüşü şərh edərkən deyib. Politoloq qeyd edib ki, onları rəsmi İrəvandan bir qədər uzaqlaşdırmaq üçün bu cür addımlar lazımdır:

"Belə kontaktlar hər bir halda vacibdir. Danışıqların aparılması davam edəcək. Amma prosesdən nəsə gözləmək tezdir. Yəqin ki, uzunmüddətli bir proses olacaq. Ən azı nə qədər ki, sülhməramlı adlanan hərbi kontingent Qarabağın dağlıq hissəsinə nəzarət edir, ruslar təkcə bunun nəticə verməsinə deyil, düşünürəm ki, hətta prosesin özünə də mane olacaqlar. Çox güman ki, onlar prosesi nəzarətdə saxlayırlar. Çünki bunu təsəvvür etmək çətindir ki, Azərbaycanla danışıqlar aparan erməni sakinlər oradakı Rusiya hərbçilərinin, xüsusi xidmət orqanlarının və digər qurumların nəzarətindən kənarda olsun. Bu mənada prosesə mən bir qədər uzunmüddətli baxıram. Həm də qarşılıqlı etimadın yaranması üçün öhdəliklərin müəyyənləşdirilməsi, onların yerinə yetiriləcəyinə əminlik yaranması üçün xeyli müddət lazımdır. Demək ki, bu aylar ərzində, hətta yaxın 2-3 il ərzində baş tutacaqdır. Bu, çox optimist yanaşma olardı".

Aynurə Demokrat.az

D
demokrat.az