Gəncə şəhərində 1982-ci il təvəllüdlü Xəqani şəxsi münasibətlər zəminində qardaşı oğlu Elgünə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəqani elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, təxminən saat 13 radələrində yaşadığı qəsəbədə özünə məxsus “Opel Vectra” markalı maşınla yol gedən zaman yolda qardaşı oğlu Elgünü görüb: “Həmin vaxt Elgünü yanıma çağırdım və müvəqqəti istifadə etmək məqsədilə verdiyim 150 metr uzunluğunda olan elektrik naqilini nə üçün yerdən çıxararaq qaytarmadığını dedim. Həmin vaxt Elgün yalandan and içərək naqili yerdən çıxardığını desə də, Elgünün naqili yerdən çıxarmadığını bildiyi üçün nə üçün mənə yalan danışmasını bildirdim. Bunun üçün də aramızda mübahisə yarandı. Elgün mənə cavab qaytardığı üçün onun sifətindən 1 dəfə şillə ilə vurdum, onu tənbeh etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa aralarında heç nə olmayıb: “Həmin vaxt Elgünü nə öldürməklə, nə silahla, nə də ki evlərini yandırmaqla hədələməmişəm. Aramızda olan mübahisə və Elgünün sifətindən şillə ilə vurmağım təxminən 2-3 dəqiqə davam edib. Səs-küyə oraya kənar heç kim toplaşmayıb. Orada ikimizdən başqa heç kim olmayıb. Törətdiyim əməldən peşmanam”.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəqani 300 saat ictimai işlər cəzasına məhkum olunub. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunub.
Fariz Məlikli Demokrat.az


