"Azərbaycanın təklif etdiyi 5 baza prinsipi, beynəlxalq hüququn normaları, iki ölkə arasında sülhün əldə olunması baxımından ən konstruktiv yanaşmadır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Onun sözlərinə görə, Azərbaycan proseslərin yekun həllini istəyir:
"Biz bunu baza prinsiplərinə baxdıqda da açıq-aydın görə bilərik. Burada dövlətlər bir-birinin qarşılıqlı şəkildə ərazi bütövlüyünü və toxunulmazlığını tanımalıdır. Bu, gələcəkdə ehtimal gərginlik risklərini də azaldır. Digər tərəfdən, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır. Ermənistan daha çox Azərbaycan ərazisini iddia edir. Əgər Ermənistan bundan imtina etsə, təbii ki, gələcəkdə belə bir riskin olması da görünür. Digər tərəfdən, kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələləri də diplomatik münasibətlərin qurulması kimi məsələlər də öz həllini tapmalıdır. Yəni, bunların hamısı 5 baza prinsipində öz əksini tapıbdır. Həmin 5 baza prinsipinə ayrı-ayrılıqda baxdıqda görərik ki, burada qeyri-adi və ya Azərbaycanın diqtə edə biləcəyi xüsusi bir şey yoxdur. Azərbaycan münaqişənin bu prinsip əsasında həllini tələb edib. Bu gün də həmin prinsiplər üzərindən təklifini irəli sürür. Yəni, heç bir fərqli yanaşma yoxdur".

"Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu baza prinsiplərini dəstəkləməlidir. Çünki başqa alternativləri yoxdur. Məsələdə Azərbaycana bu və ya başqa formada təzyiq edə biləcək statusda deyillər. Beynəlxalq hüquqa görə bu ərazilər Azərbaycan ərazi bütövlüyünə daxildir. Bunlar da, bunu belə qəbul ediblər. Burada başqa formada bir rejim və ünsür qəbul edirlərsə, bunu açıq şəkildə bildirməlidirlər. Əgər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlərsə, rəsmi Bakının tələblərini qəbul etməlidirlər", - deyə müsahibimiz qeyd edib.
Aynurə Demokrat.az


