Kriminal Özəl

Arvadını döyən kişiyə Sumqayıtdan kənara çıxmaq qadağan olundu — ŞOK OLAY

Arvadını döyən kişiyə Sumqayıtdan kənara çıxmaq qadağan olundu — ŞOK OLAY

Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Elşad ailə münaqişə zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxananın qarşısında baş verib. Elşad ailə-məişət zəminində baş verən mübahisə zamanı Sevilin başına, sifətinə, bud nahiyəsinə yumruq və təpik zərbələri ilə vurub.

İstintaq orqanı tərəfindən Elşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sevil ilə 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub, birgə nikahdan iki övladları olub: “Hər iki övladım yetkinlik yaşına çatmayıb. Ailə həyatlarımız hər zaman normal olub, aramızda elə bir ciddi problemlər yaşanmayıb. Gulay adlı qadın əvvəllər mənim işlədiyim kafedə ofsiant kimi çalışıb. Hadisədən 5-6 gün əvvəl təsadüfən həyat yoldaşım Sevil mənim Gulay adlı həmin qadınla münasibətimin olmasından şübhələndiyindən mənə zəng vuraraq bildirdi. Buna görə də aramızda soyuqluq yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 09.20-də həyat yoldaşı Sevilin rəfiqəsi Rəhilə ona zəng vurub və Sevilin hazırda Gulaygilin həyətində olduğunu, Gulayla söhbət etməyə gəldiyini bildirib: “Məndən burada söz-söhbət çıxmaması üçün gələrək məsələni yoluna qoymağımı xahiş etdi. Mən də idarə etdiyim “VAZ-2107” markalı avtomobillə Gulayın yaşadığı binanın qarşısına gəldim. Həmin vaxt həyat yoldaşım və rəfiqəsi binanın qarşısında dayanan gördüm. Avtomobilin içərisindən həyat yoldaşıma səsələndim ki, gələrək maşında əyləşsin, kənarda söhbət etmək. Lakin Sevil məni eşitsə də, gəlmədi. Buna görə də avtomobildən düşdüm, özüm ona yaxınlaşdım və qolundan tutaraq bir daha ona Gulayın yaşadığı binanın həyətinə gəlməsinin doğru bir iş olmadığını irad olaraq bildirdim. Ona kənarda məsələlərini həll etməyi istədiyimi dedim. Lakin Sevil yenə də gəlməkdən imtina etdi. Əsəbləşərək Sevilin başına, sifətinə və bədəninin müxtəlif yerlərinə bir neçə zərbə vurdum”.

Təqsirləndirilən şəxs bildirib ki, Sevili döydükdən sonra məsələni böyütməmək üçün avtomobilinə əyləşib və oradan gedib. O, ifadəsinin sonunda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu bildirib. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevilin sözlərinə görə, əvvəllər əri Elşad ilə münasibətləri normal olub: “Lakin son zamanlar Elşadın evli olduğu halda başqa qadınlarla kənar münasibətlər qurması və həmin münasibətin mənə məlum olması səbəbi ilə ailə daxili münaqişələrimiz yaşandı. Elşad son vaxtlarda qeyri-rəsmi münasibətdə olduğu Gulay adlı qadınla tez-tez görüşürdü. Ona görə də iki gün evə gələndə bir gün də gəlmirdi. Elşadın mənə qarşı etdiyi bu sayqısızlığı artıq qəbul edə bilmədiyindən dəfələrlə ondan Gulaydan əl çəkməsini tələb etdim. Buna görə də aramızda münaqişələr oldu”.

Zərərçəkmiş şəxs qeyd edib ki, ərindən əl çəkməsi üçün Gulayla üzbəüz danışmaq qərarına gəlib: “Bu məqsədlə Gulayın yaşadığı ünvana getdim. Lakin Gulay həmin vaxt evdə olmayıb. Buna görə, həyətə düşdüm, Gulayın özünə zəng etdim. Onun yaşadığı binanın həyətində olduğumu dedim, üzbəüz söhbət etməyə gəlməsini istədim. Lakin Gulay dedi ki, ərim Elşadla heç bir münasibəti yoxdur. Həmin vaxt rəfiqəm Rəhilə Gulayla söhbət etmək üçün onun yaşadığı binanın qabağına gedəcəyimi bildiyinə görə, özü də ora gəlmişdi. Həmçinin Rəhilə ərimə zəng vuraraq məsələni yoluna qoymasını, mehribançılıq yaratmasını xahiş etdi. Rəhilənin gəlməsindən təxminən 5 dəqiqə sonra həyat yoldaşım Elşadda ora gəldi. Məndən tələb etdi ki, avtombilə əyləşim, söhbət edək. Lakin Elşada Gulay gəlməmiş buradan getməyəcəyimi dedim. Buna görə Elşad avtomobildən düşərək məni güclə maşına əyləşdirmək istədi. Müqavimət göstərdiyim üçün Elşad binanın qarşısında başıma, sifətimə yumruqla zərbələr vurdu. Əllərimi başıma qoyaraq özümü zərbələrdən qorumaq istəyəndə Elşadın vurduğu yumruq zərbələri hər iki əlimin üst nahiyələrinə dəydi. Daha sonra isə Elşad təpiklə də hər iki bud nahiyələrimə zərbələr endirdi. Bu zaman Rəhilə araya keçdi, bizi ayırdı”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün saat 08.00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az