“Zəlzələlərdən sonra Hatayda vəziyyət daha ciddidir və buna görə də orada axtarış-xilasetmə işlərinin hələ bir müddət davam edəcəyi gözlənilir”.
Demokrat.azxəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kahramanaraş və Adıyamanda isə axtarış-xilasetmə işləri bitmək üzrədir: “Müvafiq qurumlar öz öhdəliklərini yerinə yetirirlər. Yenidənqurma-bərpa işlərini sürətlə həyata keçirmək lazımdır”.
Nazir problemlərin həlli üçün zamana ehtiyacın olduğunu söyləyib: "Nəyə ehtiyacımızın olduğunu bilirik. Zəlzələdən sonrakı ilk günlərdə olan xaos indi yoxdur. Əlbəttə, bu fəlakət unudulmayacaq. Amma həyat davam edir".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.//report
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.


