“Münhen Təhlükəsizlk Forumunda İlham Əliyev bildirdi ki, “biz Qarabağda olan ermənilərlə danışıqlara hazırıq, amma qıraqdan gələn və oranın vətəndaşı olmayan insanlarla danışıqlar olmayacaq”. Bu, birbaşa Vardanyana işarə idi. Ona görə də, həm Ermənistan rəhbərliyi, həm də əldəqayırma “Dağlıq Qarabağ” artıq "Vardanyan kartı"nın heç nəyə yarımadığını gördü. Bir növ onu şou ilə kənarlaşdırdı, guya ki, bunlar özləri kənarlaşdırdı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Vardanyanın yerinə Qurgen Nersisyanın gətirilməsi heç nəyi dəyişəsi deyil:
“Azərbaycan tərəfi tələb edir ki, kim qanunlarımızı və vətəndaşlığımızı birbaşa qəbul edirsə, biz onların təhlükəsizliyinə təminat veririk. Eyni zamanda, onlar Azərbaycanda yaşayan digər vətəndaşlarla eyni hüquqa malikdirlər. Bu, o deməkdir ki, Qarabağda olan separatçılar, Azərbaycan vətəndaşlığını qəbul etməyəcək. Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər cinayətlərdə iştirak edən terroristlərə Azərbaycan vətəndaşlığı verilməyəcək. Azərbaycanda onlar haqqında kifayət qədər istintaq materialları var və adları bizə məlumdur. Bu gün Qarabağda 700-dən çox cinayətkar var. Yəni, bütün bu işləri pozanlar da onlardır. Onların bir hissəsi İkinci Qarabağ müharibəsində məhv edilsə də, bir hissəsi öz əcəli ilə gorbagor olsa da, amma yenə yaşayanlar var. Onlar Azərbaycan hakimiyyətinin orada bərpa olunmasını istəmirlər. Amma, mühit də yetişir. Vardanyanın geri çəkilməsi cənab Prezident təkidlərindən, israrlarından sonra meydana gəldi. Rusiyanın da bu məsələdə loyal qalması, Ermənistanı çətin vəziyyətə saldı. Yəni, burada separatçı rejim yox, bunu İlham Əliyev kənarlaşdırdı. Onun iradəsi, apardığı xarici siyasət kənarlaşdırdı”.
Aynurə Demokrat.az


