Paytaxtın Səbail rayonu, Xaqani küçəsində, "Hotel Square Inn" otelinin yanında yerləşən binanın bir qrup sakini çəkdikləri görüntülərlə Demokrat.az-a müraciət edib.
Şikayətçilər sözügedən ərazidə piyada səkilərinin qanunsuz şəkildə zəbt edildiyini, birmərtəbəli evin üzərində əlavə mərtəbə inşa olunduğunu və eyvan artırıldığını iddia edirlər.
Sakinlər deyir ki, sözügedən ərazidə qanunsuz işlərin sifarişçisi tanınmış dublyaj aktyoru, teleaparıcı Emin Nəsirlidir:
"Hazırda bu ərazidə yerləşən və Emin Nəsirliyə məxsus birmərtəbəli şəxsi evin üzərində qanunsuz olaraq ikinci mərtəbə və əlavə eyvan inşa etdirilib. Həmin evin zirzəmi hissəsində isə hazırda qazıntı işləri aparılır. Küçələrin səkisi zəbt olunub, biznes obyekti tikilib, sakinlərin həyatı üçün ciddi təhlükə yaranıb", - deyən sakinlər sözügedən ərazidən çəkilən görüntləri də fakt kimi redaksiyamıza göndəriblər.
Məsələ ilə bağlı Emin Nəsirli Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan iddialar tam əsassızdır:
"Mən Xəzər rayonunda yaşayıram. Əgər orada yerim olsaydı, heç vaxt qanunsuz hərəkət etməzdim. Çox sevinərdim ki, orada evim olsun. Ancaq kimləsə məni səhv salıblar. Bu yayılanlar tam əsassızdır. Bəlkə başqa Emin Nəsirlidir? İnşallah ki, bu məsələni araşdıracaqsınız. Sonda buranın əsas sahibi kimdirsə, ümid edirəm ki, tapacaqsınız. Yəqin ki, sənədli şəkildə kiməsə aiddir, ancaq insanlar arasında mənim adım hallanır".










