"44 günlük Vətən müharibəsindən sonra təkcə Ermənistan dövləti deyil, erməni xalqı da pis duruma düşüb. Bu gün erməni xalqı, dünya erməniliyi iflic vəziyyətdədir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordumuz Ermənistanın mifoloji "güclü ordusu"na elə bir zərbə vurub ki, inanmıram bu zərbədən onlar özlərinə gələ bilsinlər:
"Əksinə, getdikcə o zərbənin təsirinin biz daha ağır nəticələrini görəcəyik. Bilirik ki, 30 il müddətində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladı və bununla bağlı beynəlxalq təşkilatlar formal olaraq müəyyən sənədlər qəbul etdi. Bütün sənədlər masa üstündə qaldı, bu sənədlərdə təsbit olunmuş maddələr, tələblər yerinə yetirilmədi. Ermənistan da elə bildi ki, belə də olacaq. Ermənistan həmişə istifadə olunmuş bir dövlət olub. Yəni, imperialist qüvvələrin, güclü dövlətlərin maraqlarına görə istifadə edilib. Düzü, ABŞ-ın və Fransanın hər zaman maşası olub. Ona görə də, Ermənistanın baş naziri Paşinyan Münhen Təhlükəsizlik Konfransında Rusiyanın bostanına daş atıb, KTMT-nin arxasınca danışdı. Bu saat bilmirlər ki, sağa-sola, yoxsa aşağı-yuxarı baxsınlar. Ermənistanın müharibədən sonra son iki ildə xarici siyasətinə baxsaq, burada hər şey aydın olar".
"Əvvəllər Fransa ilə "cüt bacı" olan Ermənistan bu gün İranla "bacı" olub. Bu gün rəsmi Tehran Ermənistanın təhlükəsizliyini İranın təhıükəsizliyi hesab edir. Əminəm ki, bir neçə ildən sonra Ermənistan İrana da xəyanət edəcək. Bu dövlətin tarixdə heç kimlə əbədi dostluğu, əməkdaşlığı, tərəfdaşlığı olmayıb. Həmişə satqınlıqla, yaltaqlıqla, hiylə ilə məkrli münasibətlər qurublar. Rəsmi İrəvan və erməni xalqı anlamalıdır ki, onların dövləti Cənubi Qafqazda tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bölgədə heç vaxt Ermənistan adlı bir dövlət olmayıb" - deyə millət vəkili bildirib.
Nəzrin Demokrat.az


