Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub. Söhbət zamanı bir sıra digər məsələlərlə yanaşı, Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Rusiyanın sülhyaratma prosesində ənənəvi üçtərəfli formatı qorumaq və özünün vasitəçilik missiyasının bundan sonra da fəal şəkildə davam etdirmək niyyəti aydın görünür. Siyasi analitiklər hesab edir ki, Moskva Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasında maraqlıdır. Hansı ki, buna qədər sülh müqaviləsinin imzalanmasına qarşı əsas maneə Rusiya hesab olunurdu. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi hazırki şəraitdə Moskvanın həssaslığı müxtəlif aspektlərdən şərh olunur.
Məsələyə münasibət bildirən politoloq Azər Niftiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Qarabağ münaqişəsinin taleyi 44 günlük Vətən müharibəsində həll olunub:
“Əldə etdiyimiz tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Bu reallığın diqtəsinə görə, Ermənistan kapitulyasiya aktından sonra sülh müqaviləsi imzalamalı və bununla da regionda sülh və barışıq təmin olunmasına töhfə verməlidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Dövlət başçısının fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Yəni, Azərbaycan tərəfinin rəsmi və prinsipial mövqeyi ortadadır. Beynəlxalq ictimaiyyət də anlayır ki, bu münaqişə sonsuza qədər davam edə bilməz. Bu baxımdan, xarici dairələr sülhyaratma prosesində iştiraka maraqlı görünürlər. Bunu Rusiyaya da şamil etmək olar. Çünki anlayırlar ki, prosesin axırı onsuz da buna aparır. Müxtəlif üsullarla Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiqlər edib, münaqişənin ömrünü uzatmağa çalışsalar da, buna nail olmayacaqlarının fərqindədirlər. Hesab edirəm ki, həm Rusiyanın, həm də digər diplomatik oyunçuların son dövrlər nümayiş etdirdiyi fəallıq Azərbaycanın mövqeyinin üstün olmasından qaynaqlanır”.
Politoloq qeyd edir ki, Rusiya Ermənistanın siyasi rəhbərliyinin Qərbə yönəlik siyasətini qəbul etmək niyyətində deyil:
“Onlar anlayır ki, 2003-cü ildə Gürcüstanda və Ukraynada baş verən “narıncı inqilablar” bu gün Rusiyanın Ukrayna ərazilərində məğlubiyyətini şərtləndirən başlıca amillərdən biridir. O zaman Mixail Saakaşvilinin və Viktor Yuşşenkonun hakimiyyətə gəlməsinə mane ola bilmədiklərinə görə, faktiki olaraq Gürcüstan və Ukraynanı itirdilər. Viktor Yanukoviçi yenidən iqtidara gətirsələr də, Ukraynanı geri qaytara bilmədilər. Bu gün Gürcüstanda Moskvaya yaxın şəxslər iqtidarda olsalar da, bu ölkəyə də ciddi birmənalı təsir göstərə bilmirlər. Bu səbəbdən, Qərbə inteqrasiya kursu götürmüş ölkə rəhbərləri ilə bağlı kəskin addımlar atırlar. Düşünürlər ki, Paşinyanın yürütdüyü siyasət bir müddət sonra Rusiya üçün Ermənistanın da itirilməsi ilə nəticələnə bilər”.
A.Niftiyev əlavə edib ki, Cənubi Qafqazda həyat Bakı vaxtı ilə hərəkət edir:
“Bu gün Azərbaycan Qafqazın lider, dünyanın isə önəmli dövlətlərindən biridir. Ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Bakı Cənubi Qafqazın paytaxtına çevrilib. Heç şübhəsiz ki, bu, təsadüf deyil və Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir”, – deyə müsahibimiz sonda fikrini tamamlayıb.
Aynurə Demokrat.az


