Siyasət Özəl

“Rusiyanın Cənubi Qafqazı itirmək təhlükəsi yaranıb” — Ərəstun Oruclu

“Rusiyanın Cənubi Qafqazı itirmək təhlükəsi yaranıb” — Ərəstun Oruclu

"Ermənistanın mövcud hökumətinin Rusiya ilə münasibətləri həmişə soyuq olub".

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq qeyd edib ki, ancaq son dönəmlər ciddi gərginlik yaşanır:

"Təbii ki, bu gərginliyin başlıca səbəbi Paşinyan hökumətinin xarici siyasət vektorunun artıq açıq şəkildə Avropa Birliyi və NATO-ya doğru istiqamət almasıdır. Bunun da səbəbi Rusiyanın Ukraynaya qarşı təcavüzüdür. Çünki Moskvanın beynəlxalq aləm tərəfindən təcridi, Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalar, ən əsası da Ukraynaya qarşı savaşda uğursuzluğu İrəvanı öz seçimində daha cəsarətli olmağa sövq edir".

Politoloq qeyd edib ki, Ukraynada uğur qazana bilməyən Rusiya Cənubi Qafqaz istiqamətində fəallaşmağa can atır:

"Görünən budur ki, Paşinyan hökuməti artıq Ermənistanın Qarabağdakı separatçıların girovunda qalmasını istəmir. Çünki bu Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmağa imkan vermir, habelə Azərbaycan və Türkiyə ilə münasibətləri sabitləşdirməyə maneçilik törədir. Bu isə Moskvanın təkcə Ermənistan siyasətinə zərbə vurmur, həm də onun rəqiblərinin bölgəyə təsirini artırır. Rusiyanın Cənubi Qafqazı itirmək təhlükəsi yaranır. Ermənistanın ünvanına açıq hədələrin də səbəbi budur".

Aynurə Demokrat.az

D
demokrat.az