"Bu iddia bir qədər inandırıcı deyil. Çünki İran kifayət qədər küncə sıxışdığı bir zamanda bir az da öz vəziyyətini gərginləşdirərmi? Hətta bizim sərhəddə hərbi təlim keçəndən sonra Türkiyə və Azərbaycanın da birgə təlim keçərək İrana layiqli cavab verməsi onlara dərs verdi. Hələ bir az da qabağa gedib real hücum etsələr görün nəticə necə ola bilər. Həm də İranda daxili vəziyyət normal deyil. Hətta əzəli müttəfiqləri Çin və Rusiya ilə də aralarında soyuqlaşma var. Zəngəzur dəhlizi məsələsində Rusiya ilə İranın açıqlamalarında ziddiyyətlər və əks mövqelər var. Rusiya açıqca bu dəhlizin açılmasında maraqlıdır. Lakin İran açıq qarşı çıxır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib.
O, Ermənistan hökumətinin İranın bu təxribatına uymasına inanmadığını qeyd edib:
"Bununla yanaşı Qərb dövlətlərindən Fransa Ermənistanın revanş götürməsində çox maraqlıdır. Qarabağın qondarma rejimini dirçəlməyə də Fransa daha çox meyllidir. Ola bilsin Fransa İranı və Ermənistanı bu hücuma təhrik etsin. Ancaq Paşinyan hökumətinin belə bir acı sonluğa gətirəcək hücuma start verməsinə inanmıram. Ona görə ki, bu Ermənistan-Azərbaycan münasibətlərinin, habelə Türkiyə-Ermənistan münasibətlərinin pozulmasına aparacaq. Eyni zamanda İranla soyuq münasibətdə olan dövlətlərin İrana qarşı açıq düşmənçilik mövqeyinə keçməsinə gətirəcək. Azərbaycana dost olan Pakistan, Türkiyə kimi müsəlman dövlətlərinin İrana qarşı sanksiyalara qoşulmasına rəvac verəcək". 
"Doğrudur, siyasi baxımdan bu doğru addım olmasa belə, gözlənilən olmasa da belə, İran rejiminin nataraz siyasəti nəticəsində onları Fransa bu təxribata çəkə də bilər. İran rejiminin çökməsində daha çox maraqlı olanlar da bu hücumda maraqlı ola bilər. Ona görə ki, İran Ermənistanla Azərbaycan ərazisinə hücum etsə bu, İrana qarşı böyük güclərin real hərbi müdaxiləsinə siyasi, hüquqi əsas verəcək. Və bu da regionda, dünyada böyük savaşın alovlanmasına səbəb olacaq," - deyə analitik qeyd edib. T.İrfan daha sonra bunları əlavə edib:
"Mən düşünürəm ki, bu, İranın sadəcə hədəqorxu planıdır. İran heç zaman ciddi addımlar atmağa qadir olmayıb. Ya terror, ya təxribat, ya da başqa əlaltılarından istifadə edərək öz ambisiyalarını həyata keçirməyə çalışıb. Bu söhbət də hesab edirəm ki, bu qəbildəndir və Azərbaycana psixoloji təzyiq göstərmək üçün ortaya atılıb. Reallıqda İran və Ermənistan Azərbaycana qarşı açıq savaşa girmək durumunda deyil".
Aynurə


