Gündəm Özəl

“İranın təsir dairəsinə düşənlə, Ermənistana məlumat ötürən agent arasında fərq yoxdur” — Adil Əliyev

“İranın təsir dairəsinə düşənlə, Ermənistana məlumat ötürən agent arasında fərq yoxdur” — Adil Əliyev

"Azərbaycanın İrandakı səfirliyinə hücum birmənalı terror aksiyası idi. Bunun başqa adı yoxdur. İranda bəziləri bunu “məişət hadisəsi” kimi qələmə verməyə çalışır, əli avtomatlı terrorçunun polisin gözü qarşısında səfirliyimizə hücum etməsindən sonra məsələ araşdırılmır. Əksinə, terrordan dərhal sonra qətli törədəndən müsahibələr aldılar, onu həbsxana əvəzinə xəstəxanada yerləşdiriblər".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev bildirib. A.Əliyev bildirib ki, Azərbaycan qonşularıyla, o cümlədən İranla normal münasibətlərin tərəfdarıdır:

"Ancaq İrandakı siyasi, dini və hərbi dairələrin Azərbaycan əleyhinə davamlı təxribatları, münasibətlərin normallaşması üçün zəmin yaratmır. Bundan başqa, İranda azərbaycanlıların pozulan hüquqları da bizi ciddi narahat edir. İranda zəlzələdən sonra soydaşlarımızın bir qismi ağır vəziyyətdədir, evləri dağılıb, insanlar soyuqda küçədə gecələyirlər, ərzaq çatışmazlığı var. İran hökuməti soydaşlarımıza lazımi köməyi etmir, başqalarının yardım istəyini geri çevirir. Tehran Azərbaycanın və Türkiyənin kömək təklifindən imtina edib. Yaxşı, özün vətəndaşlarına yardım etmirsən, heç olmazsa qonşularına imkan ver, azərbaycanlıların soyuqdan donmasının qarşısını alsın".

"Bu arada, Azərbaycan Respublikasında İranın casus şəbəkəsinə qarşı mübarizə tədbirləri genişlənib. İrandakı dairələr illər uzun Azərbaycanda casus şəbəkəsi, 5-ci kolon və “yatmış hücrələr” formalaşdırmağa çalışıblar. Təəssüf ki, bəzi vətəndaşlarımız İran agenturasının toruna düşüb, vətənin maraqları əleyhinə fəaliyyət göstəriblər. Belələri ilə mübarizə tam gücüylə davam etməlidir. İrandakı səfirliyimizə hücum fonunda ölkəmizdəki bəzi iranpərəstlər arxa plana keçməyə çalışırlar. Belələri səfirliyə hücumu lənətləmək əvəzinə, susmağa üstünlük verirlər. Təhlükə bundadır. Azərbaycan səfirliyinə qarşı terror aksiyasına susan İrandakı dairələrin istəyilə Ermənistanın da maraqlarına xidmət edər. Ümumiyyətlə, hesab edirəm ki, İranın təsir dairəsinə düşən vətəndaşlarla Ermənistana məlumat ötürən agent arasında fərq yoxdur. Çünki İran və Ermənistan bir-birlərini qardaş adlandırırlar. Bu “qardaş”ların hədəfi Azərbaycan və azərbaycanlılardır. Bizim hədəfimiz isə Azərbaycana və azərbaycanlılara xor baxanlardır", - deyə A.Əliyev sonda qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

NE
Nihadə Eyyubova