"Terror aktı Azərbaycanla İran arasında son vaxtlar yaranmış gərginliyi daha da artıracaq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib. Deputat hesab edir ki, bu hadisə ilə İran 44 günlük müharibədən sonra əsl simasını ortaya qoymuş oldu:
"İran Azərbaycanın öz torpaqlarını azad etdiyini qəbul etmək istəmir, Azərbaycanın tarixi zəfərini həzm etmək istəmir. Açıq şəkildə İran Ermənistana həm siyasi, həm iqtisadi, həm hərbi dəstəyini gündəlik fəaliyyətində göstərir. Beynəlxalq hüquq normalarını inkar edərək, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların icrasına belə imkan vermədi. Zəngəzur dəhlizinin açılmasına məhz İran maneçilik törətdi. Qeyd edək ki, dünyada beynəlxalq birlik tərəfindən qeyri-rəsmi də olsa, İran bir dövlət kimi terrora dəstək verən imicə malikdir. Bizim ötən il Londonda səfirliyimizə hücum edənlərin bir izi bilavasitə İrana çıxırdı, yəni İranın dini radikal qruplarına gedib çıxırdı".
Deputat qeyd edib ki, İran buna hər hansı don geyindirməyə çalışacaq və hadisəni xuliqan dəstələrinin üzərinə atacaq:
"Lakin Vyana Konvensiyasına görə səfirliklərin, diplomatik konsulluqların təhlükəsizliyi bilavasitə dislokasiya olunmuş ölkə tərəfindən təmin edilməlidir. Yəni, İran dövləti Azərbaycanın və digər ölkələrin səfirliklərinin təhlükəsizliyini tam təmin etməli idi. İran məsuliyyətini kənara ata bilər. Lakin İran çox qısa zamanda bu hadisəni araşdırmalıdır. Hadisəni nəinki törədənlər, hadisəni təşkil edənlər belə aşkara çıxarılmalıdır. Bu terror aktı əvvəlcədən düşünülmüş və təsdiq olunmuş bir terrordur. Cinayətkarlar və onlara himayədarlıq edənlər, bilavasitə dəstək verənlər tapılmalıdır və bunun alternativi yoxdur".
Aynurə Demokrat.az


