26 yanvar 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə baş tutan "Gənclər həftəsi" çərçivəsində "Xəmsə" Milli İntellektual oyunu üzrə ümumtəhsil şəhər məktəbləri arasında rayon birinciliyi keçirilmişdir.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz Vətən müharibəsində böyük şücaət göstərərək adlarını tarixə yazdılar.Sonra isə komandalara uğurlar arzuladı.
Daha sonra püşkatma keçirildi.Püşkatmadan sonra iştirakçılara "Xəmsə" Milli İntellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi.
Maraqlı mübarizə şəraitində keçən “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin yekununda III yeri şəhər 2 saylı tam orta məktəbin “Zirvə” komandası , II yeri şəhər 4 saylı tam orta məktəbin “Aran” komandası , I yeri isə şəhər 1 saylı məktəb-liseyin “Xarı bülbül” komandası qazandı.Şəhər 9 saylı tam orta məktəbin "Muğan" komandası isə birinciliyin fərqlənən komandası oldu.
Sonda qalib və fərqlənən komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular 








