Kriminal Özəl

Pula ehtiyacı olan gənc parkda dələduzluq etdi — CİNAYƏT İŞİ

Pula ehtiyacı olan gənc parkda dələduzluq etdi — CİNAYƏT İŞİ

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Sadiq Əliyə (adlar şərtidir – red.) dələduzluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sadiq Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Göyərçin” parkında Əlinin etibarından sui istifadə edib, özünə məxsus şəxsiyyət vəsiqəsini girov qoyaraq ondan sürmək üçün icarəyə elektron skuter götürərək qaytaracağını yalan vəd verib. Daha sonra Sadıq skuteri ələ keçirib və zərərçəkmiş şəxsə 750 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, axırıncı dəfə oğurluq etdiyi üçün Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub: “Təxminən üç ildir ki, narkotik vasitələrdən istifadə edirəm. Eyni zamanda heç bir yerdə işləmirəm. Narkotik vasitə almaq üçün və evə köməklik etmək üçün pul tapa bilmədiyim üçün oğurluq etmək qərarına gəldim. Buna görə də Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Göyərçin” parkına gəldim. Orada elektron skuterlərin kirayə verildiyini bildim. Fikirləşdim ki, özümə məxsus şəxsiyyət vəsiqəsini orada girov qoyub, skuter götürərək sürüm. Sonra qaytarmayaraq satım. Skuter kirayə verən şəxsə yaxınlaşdım və şəxsiyyət vəsiqəsini təqdim etdim. Bildirdim ki, mənə başlanğıc üçün vaxt yazsın, qayıtdıqdan sonra pulunu ödəyəcəm. Skuterin sahibi mənə inandı və skuteri mənə kirayə verdi. Mən də skuteri sürüb oradan uzaqlaşdım. Mənə etiraz edən, arxamca gələn olmadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Sumqayıt şəhərinin çıxışına qədər skuterlə gəlib və oradan Bakı şəhərinə gedən taksilərdən birinə minib: “Bakı şəhəri, 20 yanvar metrostansiyasının yanında taksidən düşdüm və 3-cü mikrorayon ərazisi istiqamətində skuteri sürməyə başladım. Bu vaxt yolun kənarında olan şəxslər mənə baxdı. Həmin şəxslərə skuteri satmaq istədiyimi bildirdim. Tanımadığım bir nəfər skuteri neçəyə satmaq istədiyimi soruşdu. 150 manata satmaq istədiyimi bildirdim. Həmin şəxs isə 40 manat verə biləcəyini bildirdi. Pula ehtiyacım olduğu üçün onun təklifi ilə razılaşdım. Skuteri 40 manata həmin tanımadığım şəxsə satdım. Həmin şəxs məndən oskuterin kimə məxsus olmasını soruşdu. Həmin şəxsə skuterin özümə məxsus olduğunu, pula ehtiyacım olduğu üçün satmaq istədiyimi bildirdim. Həmin şəxsə skuterin cinayət yolu ilə əldə olunduğunu demədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra oradan bir başa Siyəzən rayonuna gedib və orada pulu öz ehtiyacları üçün xərcləyib: “Siyəzən rayonuda olarkən polis əməkdaşları küçədə mənə yaxınlaşdılar, cinayət törətməkdə şübhəli olduğumu bildirdilər, məni Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət etdilər. Polis əməkdaşlarına etiraz etmədim və onlarla birlikdə 4-cü polis bölməsinə getdim. Polis bölməsində etdiyim əməli etiraf etdim”. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib. O, ali təhsil alması ilə bağlı Polşa Respublikasında yaşadığını, ona görə də məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona vurulmuş maddi zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını məhkəmədən xahiş edib. Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Sadiq 1 il 2 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az