Siyasət Özəl

"Ermənilər növbəti uğursuzluğa məruz qaldılar" — Partiya sədri

Ermənilər növbəti uğursuzluğa məruz qaldılar — Partiya sədri

"BMT Təhlükəsizlik Şurasından Azərbaycana qarşı növbəti sənədin, qətnamənin yaxud bəyanatın qəbul olunmasına çalışan ermənilər növbəti uğursuzluğa məruz qaldılar. Bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən son iclasında eyni uğursuzluğu yaşamışdılar. Mütəffiq saydıqları dövlətlərin heç biri Ermənistanı dəstəkləməmişdi və sammit ilk dəfə bu cür nəticəsiz başa çatmışdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, növbəti addım Fransanın əliylə BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizində yaranmış vəziyyəti müzakirə etmək və Azərbaycan əleyhinə ciddi sənəd qəbuluna nail olmaq cəhdi olsa da, bu da uğursuzluqla nəticələndi:

"Əvvəlcə qətnamə qəbul etməyə çalışdılar alınmadı, ancaq ermənilər bununla sakitləşmədilər və ilin sonuna qədər nəyin bahasına olursa-olsun heç olmasa bir bəyanatın qəbuluna nail olmağa çalışdılar. Ermənilərin bu cəhdləri də fiaskoya uğradı. Bu bir daha onu göstərdi ki, Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzu durmadan artır. Azərbaycanın imkanları əvvəlki dövrlərə nisbətən bu gün daha çoxdur və ən əsası dünya ermənilərdən bezib.

Onların hər dəfə yeri gəldi-gəlmədi beynəlxalq təşkilatlara üz tutub onlardan müxtəlif məsələlərlə bağlı kömək ummaları və hər dəfə müxtəlif yalanlar uydurmaları beynəlxalq təşkilatları da bezdirib. BMT Təhlükəsizlik son müzakirəsi də bunu bir daha göstərdi. Ən əsası Fransaya və Rusiyaya daha çox güvənirdi ermənilər. Fransa təbiidir ki, özünü yenə də ikinci erməni dövləti kimi aparmaqda davam etdi. Ancaq Rusiya bu dəfə də ermənilərin bu təxribatlarına dəstək vermədi".

Partiya sədri qeyd edib ki, Rusiya həqiqətən də ermənilərin bu şər-böhtan kampaniyasından artıq yorulub:

"Ermənilər günahı indi Rusiyanın üstünə yıxmağa çalışırlar və Rusiyanın bu mövqeyini Çində dəstəkləyir. Böyük Britaniyanın da mövqeyi Fransanın mövqeyi ilə eyni deyil. Hesab edirəm ki, bu ermənilərə dərs olmalıdır. Onlar anlamalıdırlar ki, BMT Təhlükəsizlik Şurası bunların istəklərini gözüyumulu şəkildə reallaşdırmayacaq. Orada da artıq ermənilərin mahiyyətini anlayan dövlətlər var. Azərbaycanın haqlı mövqeyini ən azı anlayan dövlətlər var və bu dövlətləri bundan sonra adatmaq, onlara yalan məlumatlar vermək ermənilərin arzuladığı nəticələrə gətirib çıxarmayacaq. BMT Təhlükəsizlik Şurasındakı son müzakirə və bəyanatın qəbul olunmaması ermənilərin ağıllanmasına, yaxud heç olmasa düşünməsinə gətirib çıxarmalıdır. Ağıllanacaqlarına təbiidir ki, inanmırıq. Düşənəcəklərmi?! Bu da ciddi sual altındadır".

Nəzrin Demokrat.az

D
demokrat.az