İctimai və dövlət maraqlarının qorunması başlıca məqsədlərdən biridir. Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bəllidir ki, dövlətimizdə həyata keçirilən çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan hər istiqamətdə - siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir. 
Mövzu barədə fikirlərini Demokrat.az-la bölüşən Milli Məclisin üzvü Cavid Osmanov bildirib ki, dövlət maraqlarının qorunması və bu maraqların toplum arasında təbliği çox vacib məsələdir. Deputatın sözlərinə görə, dövlətimizin maraqlarına zidd olan və onun təhlükəsizliyini pozmağa yönəlmiş addımlara qarşı xalqımız hər zaman mübarizə aparmalıdır:
“Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm və vacib addımlar atılıb. Sirr deyil ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür. Həmçinin, diaspor nümayəndələrimiz də xarici ölkələrdə koordinasiyalı şəkildə işlər görməkdədir. Hər kəsə bəllidir ki, Cənab Prezident tərəfindən milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Fikrimcə, hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, öz dövlətinin milli maraqlarını qorumalıdır. Çünki dövlət maraqları müdafiə olunmadığı təqdirdə, ictimai maraqların da qorunması mümkün deyil. Sevindirici haldır ki, bu gün xalqımız mənəvi dəyərlərimizə, o cümlədən dövlətə, onun atributlarına və simvollarına böyük diqqət, qayğı və sayğı göstərir. Bütün bunlar da aparılan təbliğatın nəticəsidir. Yəni, hər bir Azərbaycan vətəndaşı üçün dövlətimizin maraqlarının müdafiəsi bu gün vacib amillərdən biridir. Bu isə ictimai maraqlarımızın yaşaması deməkdir”. 
“44 günlük Vətən müharibəsində Azərbaycanın qalibiyyəti olaraq bölgədə sülhün və əmin-amanlığın qalıcı təminatçısı kimi rolunu beynəlxalq qurumlar qarşısında daha da gücləndirdi. Həmçinin, Avropa İttifaqı ilə də münasibətlərin yeni mərhələdə davam etdirilməsi əhəmiyyətini artırdı. Bununla yanaşı, ölkəmizdə mövcud olan siyasi həmrəylik Vətən müharibəsi dövründə, o cümlədən postmüharibə ərəfəsində də daha qabarıq surətdə nəzərə çarpdı. Həmin ərəfədə siyasi qüvvələrin birliyi daha da möhkəmləndi və milli həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Təbii ki, ictimai və dövlət maraqlarının qorunmasında əhəmiyyətli amillərdən biri də siyasi sistemin iştirakçıları arasında sağlam münasibətlərin, əlaqələrin və siyasi birliyin mövcud olmasıdır. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin hələ 44 günlük Vətən müharibəsindən əvvəl islahatlar proqramını təqdim etməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin ardıcıl xarakter daşıması üçün dayanıqlı zəmin yaradıb. Bu da xalqımız arasında milli həmrəyliyə böyük töhfə verib. Nəticə etibarilə, görülən bütün bu işlər milli həmrəyliyin möhkəmlənməsini təmin edir. Qeyd edim ki, ictimai və dövlət maraqlarının qorunması dövlətimizin milli gücünün artmasını təmin edən strateji amildir. Hesab edirəm ki, hər bir vətəndaşımız ictimai və dövlət maraqlarının qorunmasında daha aktiv olmalı, dövlətin maraqlarının ən güclü müdafiəçilərinə çevrilməlidirlər”.
Siyasi şərhçi Oqtay Qasımov isə Demokrat.az-a açıqlamasında bildirib ki, bir çox dövlətlər və beynəlxalq təşkilatlar bəzən sözdə azadlığı, insan haqları, fikir plüralistliyi və s. kimi məsələlərdən daha çox təzyiq vasitəsi kimi istifadə edirlər:
“Söz və mətbuat azadlıqlarının, insan haqlarının qorunması bəşəri dəyərlərdir. Hər bir dövlətin, cəmiyyətin vəzifəsi belə ali dəyərlərin oturuşmasında məhz bu tipli faktorlara önəm verməsidir. Amma, biz bir çox hallarda beynəlxalq qurumların dövlətlərin bu məsələlərlə bağlı baxışlarında və reaksiyalarında daha çox siyasi maraqların təmin olunmasında təzyiq vasitəsi olduğunu görməkdəyik. Çox təəssüf ki, bəzən həmin dövlətlərin ikili standartlarının da şahidi oluruq. Bilirik ki, artıq bir aya yaxındır ki, Xankəndi-Şuşa yolunda aksiya keçirilir. Bu aksiya kifayət qədər ölkəmiz üçün önəmlidir. Bizim dövlətimiz üçün, gələcək planlarımız üçün çox dəyərlidir. Ən azından o baxımdan ki, Azərbaycan cəmiyyəti öz ərazisində hansısa talanlara və qeyri-qanuni fəaliyyətlərə izin vermək niyyətində olmadığını nümayiş etdirir. 
Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti və Azərbaycan dövləti 21-ci əsrin çağırışlarına hazır olmalıdır:
“Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar olaraq dünyada böyük mənada yeni nizam formalaşmaqdadır. Artıq dünyada yeni düzən qurulur və böyük geosiyasi dəyişiliklər baş verir. Bu geosiyasi dəyişiliklər və rəqabət zamanı biz öz dövlət və milli maraqlarımıza uyğun addımlar atmalı və bu çağırışlara adekvat cavablar verməliyik. Bütün hallarda müasir çağdaşın davranışlarını nümayiş etdirməliyik. Hesab edirəm ki, hal-hazırda bizim Xankəndi-Şuşa yolunda keçirilən aksiya da məhz bu addımlardan biri kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmaqdadır.”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi
Aynurə Pənahqızı Demokrat.az


