Siyasət Özəl

“Rusiyanın Vardanyan layihəsi iflasa uğrayacaq”

“Rusiyanın Vardanyan layihəsi iflasa uğrayacaq”

“Əvvəllər Rusiyada fəaliyyət göstərən, bir sıra qalmaqallı hadisələrlə gündəmi zəbt edən, o cümlədən rüşvət, çirkli pulların yuyulması, mənimsəmə kimi qeyri-qanuni əməllərdə ifşa olunan milyarder Ruben Vardanyan məhz Moskvanın sifarişi ilə Xankəndinə göndərilmiş və orada Rusiyanın iradəsini yerinə yetirməklə məşğuldur. Vardanyanın Ermənistana gəlməsi, erməni vətəndaşlığını qəbul etməsi, daha sonra Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə getməsi, bir ildən sonra qondarma rejimin “prezident”i Araik Harutyan tərəfindən dövlət naziri postuna gətirilməsi bir daha Rusiyanın Qarabağda kirli, məkrli maraqları olduğunun göstəricisidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloq qeyd edib ki, Vardanyanın həm oradakı fəaliyyəti, həm də bəyanatları beynəlxalq hüquqa ziddir:

“Qeyd edim ki, həm də Ermənistan-Azərbaycan arasında razılaşdırılmış Praqa və Soçi bəyanatlarına ziddir. Çünki bu bəyanatlarda Ermənistan tərəfi Azərbaycan tərəfinin ərazi suverenliyini tanımış olur. Amma biz baxırıq ki, Ruben Vardanyan separatçı çıxışlarla gündəmi zəbt etməyə çalışır. Ən son çıxışında Azərbaycanın Qarabağla ayrıca danışıqlar aparmalı olduğu kimi sərsəm bəyanatlar səsləndirmişdir. Bu, onun göstəricisidir ki, Rusiya və rus sülhməramlıları Qarabağdakı fəaliyyəti heç də sülhə xidmət göstərmir. Rusiyanın Cənubi Qafqazda “parçala və hökm sür” imperialist siyasəti davam etməkdədir və bu, o deməkdir ki, artıq 2025-ci ildə onların Qarabağdakı o fəaliyyəti bitməlidir. Həmin ərəfədə mütləq və mütləq rus sülhməramlıları regionu tərk etməlidir. Bu, hətta üçtərəfli bəyanatın maddəsində də qeyd olunub ki, yalnız və yalnız hər iki tərəfin razılığı ilə rus sülhməramlıları bölgədə fəaliyyət müddəti artırıla bilər”.

Analitik əlavə edib ki, Ruben Vardanyan kimi Moskva əlaltısının Azərbaycanın təbii sərvətlərini talaması, həmçinin ekoloji terror törətməsi bir daha rus sülhməramlılarının heç də sülhə xidmət etmədiklərinin göstəricisidir:

“Rusiyanın Vardanyan layihəsi iflasa uğrayacaq”
“Onlar öz məkrli siyasətlərini həyata keçirtmək istəyirlər. Vardanyan Rusiyada olarkən çirkli pulların çıxarılmasını və yuyulmasını təşkil edən bir şəxs idi. İndi də Ruben Vardanyan Rusiyanın maraqlarına xidmət edir. Bilirik ki, Rusiya sansksiya ilə üzləşib, maddiyat lazımdır. Buna görə də, Azərbaycanın təbii sərvətlərini daşıyaraq gizli şəkildə Rusiyaya və Ermənistana daşınmasını şərait yaratmaq istəyir. Azərbaycan buna heç bir vəchlə razılıq verən deyil və bu etiraz aksiyaları da onun göstəricisidir. Eyni zamanda, beynəlxalq səviyyədə də Ruben Vardanyana qarşı sanksiyalar tətbiq olunmalıdır. Çünki Ruben Vardanyan Putinin ən yaxın oliqarxlarından biridir, kirli işlərini görən şəxslərdəndir. Necə ki, digər oliqarxlara sanksiyalar tətbiq olunub. Ruben Vardanyan da ondan yayınmamalıdır. O ki qaldı onun gələcək planlarının reallaşmasına, düşünmürəm ki, onun buna vaxtı çatacaq. Çünki Rusiya həm sanksiyaların təsirindən, həm də Ukraynada ard-arda uğradığı məğlubiyyətlər nəticəsində zəifləməyə doğru gedir. Rusiyanın zəifləməsi sözsüz ki, Vardanyanın da sonunu gətirmiş olacaq. Eyni zamanda da, Azərbaycanı haqlı mövqeyinin dəstəkçisi olan dövlətlər də var, Türkiyə də var, beynəlxalq ictimaiyyət var ki, bütün bunların fonunda ciddi fəaliyyətlərə nail olacağı inandırıcı görsənmir”.

Nəzrin Demokrat.az

D
demokrat.az