Tovuz rayonunda 1966-cı il təvəllüdlü Zahid şəxsi münasubətlər zəminində yaranan münaqişə zamanı tanışı Elşada (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Zahid yaşadığı kənddə yerləşən yeməkxanada sərxoş halda tanışı Elşadla zarafat edib.
Elşad isə ona cavab qaytarıb. Bunu bəhanə gətirən Zahid balta ilə Elşada xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Zahidin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Tovuz rayonunun Əyyublu kəndində fəhləlik etməklə ailəsini dolandırıb: “Elşadı təxminən 4 il olar ki, tanıyıram. Onunla düşmənçiliyim və ədavətim olmayıb. Elşadda mənim kimi fəhləlik edib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 21 aprel 2021-ci ildə, saat 14 radələrində Əyyublu kəndində Bakı Qazax avtomobil yolunun kənarında yerləşən Hakim adlı şəxsə məxsus kafeyə çay içməyə gedib: “Orada tanışlarım olan Əli və Pərviz və Vahid eyni stolda əyləşib çay içdiklərini gördüm. Onlara yaxınlaşdım və stolda əyləşdim. Bir qədər sonra Elşadda gəldi və bizim əyləşdiyimiz stolda əyləşdi. Birlikdə əyləşdikdən sonra içkili vəziyyətdə olduğumdan Elşadla zarafat etməyə başladım. Mən Elşadla zarafat etsəm də, Elşad mənimlə zarafat etmədi. Elşad mənimlə zarafat etmədiyi üçün ona əsəbləşdim. Birlikdə əyləşdiyimiz Vahid paltarını təmizləmək üçün stoldan qalxdı və su olan istiqamətə getdi. Həmin vaxt Elşadın stolun üzərində olan siqaret qutusu yerə düşdü. Elşad buna görə yerə əyildi. Mən də həmin vaxt stolun üzərinə qoyduğu baltanın kəsici hissəsi ilə bir dəfə onun başından vurdum. Elşad başını qaldırdı və onu nə üçün vurduğumu soruşdu. Sonra kafenin mətbəxinə getdi. Orada dəsmal götürərək başının arxasına qan axan yerinə sıxdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Elşad yoldan keçən avtomaşınlardan birinə əyləşib və Tovuz Mərkəzi Rayon xəstəxanasına gediblər. Cinayət işi üzrə zərərçəkmiş Elşadın sözlərinə görə, xəstəxanada ona tibbi yardım göstərilib və bir neçə gün sonra xəstəxanada evə buraxılıb. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zahid 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


