“İndi evliliklər əsasən maddi çıxarlar üzərində qurulur. Xüsusilə qızlar ailə qurarkən maddi vəziyyəti yaxşı olan kişilərə üstünlük verirlər. İndi evliliklər bir növ məntiq evliliyinə dönüb. Yəni, hiss və duyğuyla deyil, ağılla və məntiqlə qərar verməyə çalışırlar. Bu zaman da təbii ki, maddi məsələlər önə keçir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Sosioloqun sözlərinə görə, gəliri yaxşı vəziyyətdə olan insanlar bir yaşdan sonra evlilik barədə düşünürlər. “Əvvəlcə özlərini işinə verirlər, gəlirləri qaydasına düşdükdən sonra evliliyə qərar verirlər. Yaxud da, onlar arasında boşanıb təkrar evlənmək istəyənlər də olur. Bu kimi vəziyyətlərdə qızların seçimi belə insanlardan yana olur. Çünki hesab edirlər ki, maddi vəziyyəti yerindədirsə, həmin insanla hər baxımdan rahat olacaq. Təəssüf ki, bunun sonu çox vaxt istədikləri kimi olmur. Boşanma statistikasında müşahidələr göstərir ki, bütün hallarda həyatları istədikləri kimi getmir. Bu günlərdə müzakirə edilən sonuncu hadisə də 17 yaşlı qızın 50 yaşlı bəylə nişanlanması məsələsi oldu. Həmin xanım bir proqrama qoşulmuşdu və xanımın səsini dinlədim. O, çox ötkəm, saymazyana danışırdı. İxtiyarının özündə olmasını dəfələrlə vurğulayırdı. Düzdür, cəmiyyət bu məsələni çox müzakirəyə çıxartdı. Ümumillikdə hesab edirəm ki, o qızın da o cür danışmağa ixtiyarı yoxdur, çünki hələ 18 yaşı tamam olmayıb. Sual yaranır. Bu cəsarəti hardan alıb ? Təbii ki, ailəsindən. Anası necə danışırdısa, qızı da o formada danışırdı. İkisinin də üslubu eyni idi, diqqət etdinizsə. Düzdür, qanunlarımız 18 yaşında evliliyə icazə verir. Bəlkə də, cəmiyyətin qınağından qorxduqları üçün bir neçə ay gözləmək qərarına gəliblər. Amma, ümumilikdə uyuşmazlıq böyük ölçüdədir. Aralarında 20-dən artıq yaş fərqi var və hər ikisi fərqli zamanların yetirdiyi insandır. Onların dünyaya baxış zövqləri, maraq dairələri bir-birindən fərqlidir. Ona görə də, ortaq cəhətləri hesab edirəm çox azdır. Bütün hallarda dəstəkləmədiyimiz məsələdir. Yaş fərqi evliliklərdə bu qədər olmamalıdır”.