Kriminal Özəl

Mingəçevirdə ata qızına xəsarət yetirdi — TƏFƏRRÜAT

Mingəçevirdə ata qızına xəsarət yetirdi — TƏFƏRRÜAT

Mingəçevir şəhərində 1955-ci il təvəllüdlü Elnur şəxsi münasibətlər zəminində qızı Vəsiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 31-də verib. O, münaqişə zamanı qızı ilə pul üstündə mübahisə edib və mübahisə zamanı qızını döyərək ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona verilən ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vəsilə onun doğma qızıdır: “Vəsilənin 11 yaşlı uşağı Musa iflic xəstəsi olduğundan aylıq 280 manat pensiya alır. Əvvələr pensiya kartı evdə olub və pensiyanı özüm almışam. Həmin vəsaiti nəvəm Musanın tələbatlarına və müalicəsinə xərcləmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, son bir ayda Vəsilə kartı götürüb: “Vəsilə 280 manat pensiyanı da may ayının sonlarında çıxarıb. Vəsilə həmin pulu hara xərclədiyini demədiyi üçün mənim və həyat yoldaşım Südabənin tələblərinə baxmayaraq, kartı verməkdən imtina etdi. Sonuncu dəfə mayın 31-də, saat 21 radələrində evə gələrkən lazımı ərzaq alınması üçün pula ehtiyac olduğundan Vəsilədən kartı və ya kartdan çıxardığı pulun hesabatını verməsini tələb etdim. Vəsilə isə bizi övladıma baxmamaqda günahlandırdı, bu səbəbdən də kartı verməyəcəyini söylədi. Vəsiləyə “əgər bizi bəyərmirsənsə onda uşağını da götür, evdən get” deyərək iradımı bildirdim. Vəsilə kobud və ucadan danışdı. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi halda əlimin arxası ilə Vəsilənin ağız və burun nahiyyəsinə zərbələr vurdum. Vəsilə özünü yerə yıxdı və ağzının qanadığını gördüm. Həmin vaxt həyat yoldaşım müdaxilə edərək məni sakitləşdirdi. Vəsilə isə yataq otağına keçdi, qapını örtdü. Yaşadığımız mənzilə polis əməkdaşları gələn zaman Vəsilənin barəmdə polis şöbəsinə zəng edərək şikayət etdiyini bildim. Bir müddət sonra isə Vəsilə tibbi yardım üçün şəhər mərkəzi xəstəxanasına getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən sonra Vəsilə ilə barışıb, hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir.

Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Elnurun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az