“Fransa hakimiyyətinin erməni separatçısı Araik Harutyunyanı Parisə çağırması çox güman ki, erməni diasporasının canfəşanlığının nəticəsidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq əlavə edib ki, bu görüş erməni diaporlarının təsirindən irəli gəlir. “Digər tərəfdən isə Fransa siyasi dairələri istəməsəydilər onu qəbul etməyəcəkdilər, ancaq onu qəbul etdilər. Biz bilirik ki, son dönəmlər həm Senat, həm də Fransa Parlamentinin Aşağı Palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib və bu qətnamənin təsirini çoxaltmaq üçün Azərbaycana təzyiqlərini artırmağa çalışır. Buna başqa cür don geyindirmək olmaz. Məhz separatçının dəvət edilməsi bir daha onu göstərir ki, Fransanın siyasi hakimiyyəti antiAzərbaycan siyasətini davam etdirməkdədir. Yenə bu separatçılara dəstək vermək niyyətindədir. Bu, uzunmüddətli strategiyadır. Əlbəttə, buna qarşı cavab olmalıdır. Yəni, bir dəfə Araiki dəvət etsinlər, qətnaməni qəbul etsinlər və bununla da iş bitsin. Hadisələr və təcrübələr də göstərir ki, bu davamlı siyasətdir və əlbəttə ki, biz bu məsələyə laqeyd yanaşa bilmərik. Təsirli bir addım atmalıyıq. Ən azı bu hərəkətlər davam etsə, biz səfirimizi geri çağırmalıyıq və diplomatik münasibətləri minimum həddə endirməliyik”.