“Azərbaycanın yanaşması artıq prinsipal yanaşmadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri Deyib. Politoloq qeyd edib ki, Fransa tərəfsizliyini itirdiyi üçün onun bundan sonrakı prosesdə iştirakı arzuolunmazdır.
“Çünki Fransanın iştirakı bu prosesə töhfə verməyəcək. Əgər həqiqətən də, bu danışıqlarda tərəf tutmaqdan söhbət gedirsə, ondan gərək alternativ mexanizmlər işə düşsün və qardaş Türkiyə də bu prosesdə iştirak etsin. Ona görə də, sülh prosesinə töhfə vermək istəyən tərəflər prosesdə iştirak edə bilər. Düşünürəm ki, nəinki Fransa, Ermənistan da bu iddiasından vaz keçmək məcburiyyətində qalacaq. Təkcə, bu Ermənistan və Fransanın ortalığa atdığı hiylə deyil. Düşünürəm ki, prosesin içərisində Rusiya da var. Bu anlaşma Putinin son Ermənistan səfərində əldə olunmuşdur. Çünki məhz həmin hadisədən dərhal sonra Rusiya prezidenti Azərbaycan prezidentinə zəng etməklə, əlbəttə bu danışıqlar prosesini yenidən öz moderatorluğu altına qaytarmağa cəhd etdi. Bu gün artıq Rusiyanın yenidən aktivləşdiyini hiss edirik. Ona görə də, ABŞ və Avropa Birliyi öz nümayəndələrini təcili qaydada regiona göndərdilər. Azərbaycanda görüşlər keçirildi. İndi də Ermənistan rəhbərliyi ilə görüşlər keçiriləndən sonra bir də Fransa prezidentinin ABŞ-a səfəri nəzərdə tutulub. Dekabrın 3-nə kimi bu səfər davam edəcək. Mənə elə gəlir ki, bu səfər çərçivəsində də Fransanın sülh prosesinə nəinki töhfə vermədiyi, əksinə Rusiyanın maraqlarına xidmət etdiyi başa salınacaq. Bundan sonra görüşlər istər ABŞ-ın,istərsə də Avropa Birliyinin təşəbbüsüylə yenidən geri qayıdış təmin olunacaq”. 
“Bu, Qərb siyasətinin əleyhinədir. Qərb bu prosesdə Rusiyanı kənarlaşdırmaq, ümumiyyətlə, Cənubi Qafqazdan Rusiyanı uzaqlaşdırmaq istəyindədir. Bunun üçün mütləq mənada Azərbaycan-Ermənistan münasibətləri tənzimlənməli, sülh müqaviləsi imzalanmalı və Qarabağ problemi müəyyən mənada çözümə qovuşmalıdır. Bundan sonra Rusiya qoşunlarının Qarabağda varlığına da ehtiyac qalmayacaq. Bu gün buna Fransa dövləti və prezidenti əngəl törədir. Ona görə də, düşünürəm ki, tezliklə bu əngəl aradan qaldırılacaq”.
Nəzrin Demokrat.az


