Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə teleaparıcı Lalə Azərtaşın təqdimatında “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin nümayişi olub.
Demokrat.az xəbər verir ki, təqdimatda şəhid Ələddin Seyidovun atası Azər Səidov, qazilər, layihə rəhbəri Lalə Azərtaş, filmin quruluşçu rejissoru Rauf Ocaqverdiyev, Xəzər TV-nin əməkdaşı, filmin redaktoru Kərəm Ələsgərov və digər qonaqlar iştirak etdilər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildi, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva qonaqları və tədbir iştirakçılarını salamladı, qonaqları təqdim etdi. 44 günlük Zəfərin tarixindən danışan məktəbin direktoru şagirdlərin vətənpərvər ruhda böyümələri üçün mütəmadi olaraq belə tədbirlərin təşkil edildiyini bildirdi.
Sonra çıxış üçün söz layihə rəhbəri Lalə Azərtaşa verildi. O, filmin qısa gedişatı barədə tədbir iştirakçılarını məlumatlandırdı. Ardından film tədbir iştirakçılarına nümayiş olundu. Daha sonra məktəbin məzunu şəhid Ələddin Səidovun atası Azər müəllim şagirdlərə Vətəni qorumağı, onun hər bir qarış torpağına sadiq olmağı tövsiyə etdi.
Tədbir şagird Aylin İsazədənin ifasında vətənpərvər musiqi nömrəsi ilə başa çatdı.
Film tədbir iştirakçılarının böyük marağına səbəb oldu. 













