“Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşdiyi müşahidə olunmaqdadır. Ağdam və Xocalıda səngər qazmağa cəhd edirlər, buna paralel olaraq da müxtəlif ərazilərdə Azərbaycan ordusunu atəşə tuturlar. Ötən gün də Füzuli istiqamətində ordumuza atəş açıblar. Füzuli istiqamətində Azərbaycan ordusunun əsgər və zabitlərinə atəş açmaq, artıq çaşmağın ən yuxarı mərtəbəsidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert qeyd edib ki, son günlər baş verən bütün bu proseslər onu deməyə əsas verir ki, yaxın həftələrdə Azərbaycan bu məsələyə son qoyacaq.
“Hesab edirəm ki, Putin bu yaxınlarda İrəvana gəlib gedəndən sonra vəziyyət yenə də gərginləşəcək. Putin əlindən gələni edir ki, tərəflər bir araya gəlib, sülh müqaviləsi imzalamasın. Paşinyanın ziddiyyətli açıqlamaları onu deməyə əsas verir ki, bu adam özü də başını itirib. Nə demək istədiyini, nə etmək istədiyini heç özü də bilmir. Gah Brüsseldəki danışıqlarla razıyam deyir, gah Praqa razılaşamasına sadiqəm deyir, gah da Moskva sənədinin daha real olduğunu söyləyir. Bütün baş verənlər hamısı ona gətirir ki, “Qisas” əməliyyatının davamı olacaq.
Düzdür, bu əməliyyat başlamışdı və bitməmişdi. Yəqin ki, bu dəfə “Qisas” əməliyyatı davam edəcək və bununla da məsələ bitəcək. Bizim üçün elə də böyük olmayan məsələ qalıb ki, o da oradan silahlı birləşmələrin çıxarılmasıdır. Onlar təmizlənəndən sonra artıq Rusiyanın orada qalmağına da ehtiyac qalmayacaq. Yəqin ki, Azərbaycan artıq Rusiya tərəfindən qoşunların vaxtından əvvəl Azərbaycan ərazisindən çıxarılması məsələsini müzakirə edəcək. Çünki onlar istəyirdilər ki, hələ 10-15 il də orada qoşunlarını saxlasınlar. İndiyə qədər guya çox böyük iş görmüşdülər, qalandan sonra nə işlər görəcəklər. Ona görə hesab edirəm ki, yaxın həftələrdə maraqlı proseslər olacaq. Bu yaxınlarda Azərbayan Prezidenti də Ruben Vardanyanla və orada baş verənlərlə bağlı öz fikirlərini səsləndirdi. Ermənilər doğru-düzgün nəticə çıxarmasa, “Qisas” əməliyyatının davamı qaçılmazdır”.
Aynurə Demokrat.az


