Şəxsiyyət və siyasi sistem dövrün tələbinə uyğunlaşdığı kimi dövrü, zamanı da şəxsiyyətin amalı və əməli dəyişdirilir, formalaşdırılır. Şəxsiyyət dövrün memarı, qurucusu, insanlığın meyarıdır. O, bəşəriyyətə bəxş etdiyi dəyərlərlə qurmaqla, tikməklə, yaratmaqla, insanları xeyirxah əməllərə-sülhə, əminamanlığa, haqqa, ədalətə sövq etməklə aliləşir, unudulmur, daim xatırlanır, yad edilir.
Adını və əməllərini Azərbaycan xalqının qəlbinə, tarixinə qızıl hərflərlə yazmış Ulu öndərimiz Heydər Əliyev də məhz belə-nəinki xalqımız, bəşəriyyət tərəfindən unudulmayan, daim xatırlanan və yad edilən bir şəxsiyyətdir. O, müdrik düşüncəsi, ağlı və zəkası ilə zamanı və siyasi sistemi dəyişdirən, şəri xeyirlə əvəz edən, nahaqqı haqqın ayağına gətirən, xalqına xöşbəxtlik, parlaq gələcək bəxş edən bir insan, rəhbər, siyasi xadimdir. Heydər Əliyevin həyatı və fəaliyyəti çətin mübarizələrdə formalaşır, özünə yeni, mənalı, həm də ağrılı bir ömür qazandırmışdır. Sovetlər İttifaqı dövründə təhlükəsizlik orqanlarında rəhbər, Azərbaycan KP MK-nin birinci katib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Politbüronun üzvü kimi məsul və çətin vəzifələri şərəflə daşıyan və ən ağrılı günlərdə öz xalqının yanında olan bir ömrün, bir insanın keçdiyi yol onun sonrakı həyatına işıq salmaya bilməzdi.
Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin xalq tərəfindən təkidlə ikinci dəfə hakimiyyətə gətirilməsi də məhz onun əvvəlki illərdə keçdiyi mənalı yolun, gərgin fəaliyyətin, xalqa və vətənə verdiyi faydaların nəticəsi idi. Xalq Heydər Əliyevi xidmətlərinə, xalqa, torpağa, insani münasibətinə, böyük siyasətinə, cəsarətinə, hadisələri və reallıqları düzgün qiymətləndirməsinə və çətinliklərdən çıxış yolu tapmasına, mənfini, müsbətə istiqamətləndirməsinə görə sevirdi. Xalq Yeni Azərbaycan Partiyası yaranmamışdan əvvəl belə dəfələrlə Heydər Əliyevə müraciət etmişdi, hakimiyyətə gəlməsi, parlamentdə çıxış etməsi, ona tətbiq edilən yaş senzirin götürülməsi barədə səsini ucaltmışdı. İnsanlar yaxşı bilirdilər və dərk edirdilər ki, yaranmış çətin vəziyyətdən, qarşıdurmalardan, işğaldan, hakimiyyətsizlikdən xalqı və ölkəni yalnız Heydər Əliyev xilas edə bilər və etməlidir. Bu yalnız xalqın deyil, həm də dövrün tələbi idi. Haqlı olaraq Ulu Öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın, dövrün tələbi kimi qiymətləndirdi, 1990-cı illərin əvvəllərində yaranmış şəraitlə əlaqədar partiyanın yaradılmasının bir zərurət kimi meydana gəlməsini əsaslandırdı. Heydər Əliyev Yeni Azərbaycan Partiyasını Azərbaycanda gedən ictimai-siyasi proseslərin bəhrəsi kimi dəyərləndirir və deyirdi: “Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilatı mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqidlər şəraitində yaranmışdır”.
Əlbəttə o dövr çətin və təlatümlü dövr idi. Torpaqlarımız erməni təcavüzkarları tərəfindən işğal olunur, daxildə siyasi çəkişmələr səngimir, özbaşınalıq, hakimiyyətsizlik, səriştəsizlik, beynəlxalq aləmdə münasibətlərdəki ziddiyyətlər, iqtisadi-siyasi böhran ölkəni ağır vəziyyətə salmışdı. Belə bir vəziyyətdə, çətin dönəmdə partiya yaratmaq, siyasi meydana atılmaq böyük cəsarət və siyasi yetkinlik tələb edirdi. Ancaq Heydər Əliyev və silahdaşları bunu bacardılar. 91 nəfərin müraciətinə Heydər Əliyev xalqın və Vətənin düşdüyü ağır vəziyyəti nəzərə alıb yox demədi. 21 noyabr 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmasına baxmayaraq siyasi meydanda yeni bir mədəniyyət formalaşdırdı. O, aqresivliyi, düşmənçiliyi tamamilə kənara qoydu. Sübut etdi ki, müxalifətdə olmaq dövlətə, milli maraqlara zidd getmək, uğurları inkar etmək deyil, xalqa xidmət etmək, partiyanın ali məqsədlərini həyata keçirməkdir. Siyasi sistemi dəyişmək, ali məqsədlərə istiqamətlənən, dövlətin və xalğın mənafelərinə yönəldilən bir sistem yaratmaqdır. Bu prinsip və amillər YAP yarandığı ilk gündən özünü göstərdi. Azərbaycanda milli qarşıdurma kəskinləşəndə, separatçılıq dövlətçiliyi sarsıdanda, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yarananda və xalq ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə gətirəndə xalqla dövlət arasında ən böyük etimad ünvanı Heydər Əliyevin özü və onun yaratdığı partiya oldu. Ümummilli lider Heydər Əliyevin 1993-c2 ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi YAP-ın inkişafında yeni, uğurlu mərhələdir. YAP-ın qarşısında iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, həm də müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak kimi şərəfli bir vəzifə dururdu. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi, dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial-ədalət prinsipləri YAP-ın ali məqsədi, qarşıya qoyduğu əsas vəzifə idi. Yeni Azərbaycan Partiyası siyasi meydana çətin bir dövrdə atılmasına baxmayaraq tez bir zamanda xalqın etimadını qazandı. Demokratik ənənələrə sadiqlik nümayiş etdirdi, sivil siyasi münasibətlərə üstünlük verdi, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, vətəndaş müharibəsinin, özbaşınalıqların qarşısını aldı, erməni təcavüzünü dayandırdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu, siyasi münasibətlər sisteminə yeni müsbət dəyərlər gətirdi.
Ümummilli liderin siyasi gedişləri, həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə böyük hörmət və etibar qazandırdı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsininbəhrəsi olan “Əsrin müqaviləsi”nın imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunu yüksəltdi və möhkəmləndirdi. “Əsrin müaqviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasət və bu günkü qələbələrimizə, iqtisadi inkişafımıza yol açan proqram idi. Heydər Əliyev dünya azərbaycanlılarının ümummilli lideri idi. O, azərbaycançılıq ideologiyasının banisi olaraq fəaliyyətinin bütün dövrlərində dünya ölkələrində yaşayan azərbaycanlıları bir olmağa, Azərbaycanla sıx əlaqə yaratmağa səsləyir və onlara lazımı dəstək verirdi. Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözləri dünya azərbaycanlıları üçün çağırış və örnək oldu. Bu çağırışla o, dünya azərbaycanlılarını qədim tarixə, zəngin mədəni irsə, yüksək mənəvi dəyərlərə malik olan Azərbaycanı dünyada tanıtmaq, xalqı sevdirmək və ucaltmaq vəzifəsini qarşıya qoyurdu.
Milli ideologiyamızın Heydər Əliyev tərəfindən əsası qoyulan və inkişaf etdirən millilik və bəşəririliyin vəhdəti, prinsipi rəhbərin amalı idi. O, çalışırdı ki, müasir Azərbaycan, Şərq və Qərb dəyərlərini birləşdirən gözəl mədəniyyət nümunəsi olsun. Dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarındagördüyü işlər, həyata keçirdiyi tədbirlər hesaba gəlməzdir və bu böyük insanın həyatının mənasıdır. Heydər Əliyev keçdiyi mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Yeni Azərbaycan Partiyasının yaradılması və onun bugünkü möhtəşəm qələbələri bu mənalı və şərəfli ömrün səhifələrinə həkk olunmuş uğurlarından biridir.
Yarandıqdan 7 ay sonra hakim partiyaya çevrilən YAP Ulu Öndər Heydər Əliyevə olan etimadın və inamın təcəssümü kimi gündən-günə formalaşır və gələcəyə doğru inamla irəliləməkdədir. Azərbaycanın müstəqillik tarixində əldə etdiyi uğurlarda partiyamızın nəfəsi, dəsti-xətti hər an duyulur. Öz ətrafına 800 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi dünənin, bu günün və gələcəyin partiyasıdır. Etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq ürəyi Azərbaycanla döyünən hər bir kəs partiya ətrafında sıx birləşməyi, onun prinsiplərinə əməl etməyi özünün həyat amalı hesab edir. Çünki YAP-a xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. YAP möhkəm təməl, saf amallar üzərində qurulmuşdur. Prezident İlham Əliyev partiyanın tarixinə, keçdiyi yola böyük önəm verərək deyir: ”Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azətbaycanda qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.” Ümummilli liderimiz Heydər Əliyev yolunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ölkədə keçirdiyi nəhəng islahatlar prosesində YAP üzvləri yaxından və fəal iştirak edirlər. Xalqın maraqlarını ifadə edən Yeni Azərbaycan Partiyası bu gün aparıcı siyasi qüvvə kimi Azərbaycanın ictimai-siyasi həyatında öz mövqelərini daha da möhkəmləndirmiş və sözün həqiqi mənasında ümümxalq partiyasına çevrilmişdir. Heydər Əliyev yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyasının uğurlarının kökündə, heç şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin xalq tərəfindən müdafiə olunması dayanır.
Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişaf etdirilməsində, beynəlxalq aləmdə əldə edilən uğurlarda YAP-ın fəaliyyəti və partiyanın sədri İlham Əliyevin fəaliyyəti əvəzolunmazdır. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi-siyasi islahatlar, enerji sektorunda əldəedilən nailiyyətlər, ölkə vətəndaşlarının social rifah halının yaxşılaşdırılması, regionların inkişafına, mədəniləşdirilməsinə verilən dəstək dövlət rəhbərinə və partiyaya olan inamı, etirazı artırır və daha da gücləndirir. Cənab İlham Əliyevin siyasi, iqtisadi, social, ekoloji və hərbi təhlükəsizlik sahələrində həyata keçirdiyi strategiya unikaldır, gələcəyə hesablanıb və Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yeni uğurlara zəmin yaradır. Bu strategiya, uzaqgörənlik 44 günlük müharibədə özünü aydın göstərdi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrikliyini, cəsarətini, ordumuzun qüdrətini, xalqımızın birliyini bütün dünyaya sübut etdi. 30 il düşmən əsarəti altında olan şəhər və kəndlərimiz, torpaqlarımız erməni təcavüzkarlarından azad edildi, erməni millətçilərinin və havadarların beli qırıldı, çirkli niyyətlərinin qarşısı alındı, ölkənin ərazi bütövlüyü bərpa edildi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının torpaqlarının erməni işğalından dərhal və qeyri-şərtsiz azad edilməsinə dair dörd qətnaməsinin tələbləri təmin olundu. Hazırda Respublikamızın hər yerində olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də möhtəşəm tikinti, bərpa, quruculuq işləri davam etdirilir. Cənab İlham Əliyevin işğaldan azad olunmuş əraziləri bərpa edəcəyik, cənnətə çevirəcəyik fikirləri real işlərdə təsdiqini tapmaqdadır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin imzaladığı Dövlət proqramları, layihələr, fərman, sərəncam və qərarların ruhu, mahiyyəti məqsədi bilavasitə YAP-ın Proqram və Nizamnaməsinin tələblərinə ruhuna uyğundur. Dövlət idarəçilik sisteminin siyasi sitemlə, ideoloji xətlə uyğunlaşdırılması, üst-üstə düşməsi vahid bir prinsipə arxalanmağın göstəricisi olmaqla uğurları qazandıran başlıca amildir. Son illər iqtisadi-siyasi, mədəni sahələrdə, beynəlxalq münasibətlər sistemində bu vahidliyin və ardıcıllığın təmin edilməsi Azərbaycanı bütün sahələrdə inkişaf edən bir ölkəyə çevirmişdir.
Davos Dünya İqtisadi Forumunun son illər hesabatından aydın olur ki, Azərbaycan Respublikası uğurlu sosial siyasət həyata keçirən və bu məqsədlə iqtisadi imkanlardan dünyada ən səmərəli istifadə edən ölkədir. Digər tərəfdən beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə Azərbaycanın inkişaf göstəriciləri bir sıra inkişaf etmiş “Böyük yeddilik” Avropa İttifaqına daxil olan ölkələrdən daha yüksəkdir. Beynəlxalq təşkilatların bu ilki qiymətləndirilməsi inkişafımıza aydınlıq gətirir və son illərdə iqtisadiyyatımızın 2 dəfə artımı valyuta ehtiyatlarımızın 55 milyard manatı keçməsi, əhalinin pul gəlirlərinin, əmək haqqlarının, pensiyaların bir neçə dəfə artımı qeyd edilən nəticələrin reallığını sübut edir.
Bu uğurlar, xalqımızın birliyi və mübarizliyi, qarşıya qoyulan vəzifələr və ali məqsədlərin yerinə yetirilməsi sahəsində görülən işlər Yeni Azərbaycan Partiyasının VII qurultayında Partiyanın sədri Cənab İlham Əliyevin dərin məzmunlu çıxışında bir daha öz əksini tapmışdır. Ölkə rəhbəri həm də gələcək vəzifələrə böyük önəm vermək bildirmişdir. “Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskusiyaya çağırıram.Buna ehtiyyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyuruq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə də biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq.”
Cənab İlham Əliyevin səsləndirdiyi fikirlər artıq real həyatla özünü doğrultmaqdadır. Qurultaydan keçən az müddətdə istər ordu quruculuğunda, istər əhalinin sosial-rifah halının yaxşılaşdırılmasında, istərsədə daxili və xarici siyasət sahəsində yeni uğurlara imza atılmışdır. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpa olunması, yeni yolların, tunellerin çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, yaşayış evlərinin tikilməsi işləri sürətləndirilmiş, genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bütün ərazilərdə bərpa, təmir, tikinti işləri uğurla davam etdirilməkdədir. Ölkə başçısının təşkilatçılığı və təşəbbüsü ilə yerinə yetirilən mühüm tədbirlər Heydər Əliyev vəsiyyətinə sədaqətin, YAP-ın Proqramından irəli gələn tələblərə etibarın və diqqətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu uğurlar daha xöşbəxt gələcəkdən və xalqın firavan həyatından xəbər verir.
Tahir Rzayev Milli Məclisin komitə sədri. YAP Veteranlar Şuranın üzvü


