Siyasət Özəl

“Siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq düzgün deyil”

“Siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq düzgün deyil”

Siyasi mədəniyyət mücərrəd bir proses kimi məkan və zamandan asılı olmayaraq formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillər sırasındadır. Siyasi mədəniyyət bir tərəfdən siyasi sistemin legitimliyini və səmərəli işini təmin edirsə, digər tərəfdən o, siyasətçilərin və onların təmsil etdikləri qüvvələrin "oyun qaydaları"ndan tutmuş, geniş xalq kütlələrinin siyasi proseslərə münasibətinədək olan səviyyəni bildirir.

“Siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq düzgün deyil”
Məsələ ilə bağlı siyasi-şərhçi Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, siyasi partiyalar ümumiyyətlə vətəndaşların, özəlliklə də öz üzvlərinin siyasi mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynayır:

"Çünki partiya əslinə qalanda, dövləti idarə edən hakimiyyətin kiçik modelidir. Yəni, orada konkret olaraq dövlətə rəhbərlik edəcək şəxs, eyni zamanda onun hakimiyyəti idarə edəcək siyasi komandası formalaşır. Bu bir növ vərdişlərin əvvəlcədən mənimsənilməsi üçün laboratoriyadır. Siyasi partiyalar insanların hakimiyyəti, dövləti və yaxud dövlətin ayrı-ayrı strukturlarını idarə etməyə hazırlanması üçün bir laboratoriyadır. Bu laboratoriyada əlbəttə ki, siyasi mədəniyyət ön planda olmalıdır. Yəni, siyasi partiyalar bir qayda olaraq, öz üzvləri arasından daha bacarıqlı, daha layiqliləri daha irəli çəkməklə cəmiyyətə bir növ örnək olurlar. Onlar göstərmiş olurlar ki, hakimiyyətə gələcəkləri təqdirdə məhz bu üsulla daha bacarıqlı, daha qabiliyyətli insanları hakimiyyətin bu və ya digər idarəetmə strukturlarında işə cəlb edəcəklər. Onlardan dövlətin və millətin faydası üçün istifadə edəcəklər".

A.Həsrət hesab edir ki, siyasi mədəniyyətin formalalaşmasında partiyalar başqa bir xidməti də var:

"Digər tərəfdən də partiyalar öz daxillərində, yəni siyasi partiyanın özünün içində davamlı olaraq məktəblər, kurslar, təlimlər, müxtəlif seminarlar keçirməklə, öz üzvlərinin siyasi mədəniyyətini formalaşmasının və yüksəldilməsinin qayğısına qalmalıdırlar. Təssüflə qeyd etməliyik ki, Azərbaycanda bir neçə partiyanı çıxmaq şərtilə yerdə qalan hardasa 50 partiyanın belə faliyyətlərini biz müşahidə etmirik".

“Siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq düzgün deyil”
Analitikin sözlərinə görə, bir qayda olaraq siyasi partiyalar bu cür fəaliyyətlərini ictimailəşdirməklə, daha çox tərəfdar qazanmağa çalışırlar:

"Amma bizim gördüyümüz odur ki, partiyaların böyük çoxluğu belə fəaliyyətlər haqqında məlumatlar yaymır. Yaymırsa, deməli, elə əslinə qalanda bu cür fəaliyyətlər ümumiyyətlə, onlarda yoxdur. Yaxud da, yox dərəcəsindədir. O baxımdan əlbəttə ki, hakimiyyətə iddia edən özəlliklə də müxalif mövqedə olan partiyaların öz siyasi mədəniyyət və vərdişlərinin yüksəltməsi də cəmiyyətin diqqət mərkəzindədir. Bu, həm də partiyaya marağın artmasına səbəb olur. Əgər bir partiya öz üzvlərinin siyasi mədəniyyətinin yüksəldilməsi, savadlılığının artırılması, ümumilikdə maarifləndirilməsi istiqamətində böyük işlər görürsə, əlbəttə ki, cəmiyyət də həmin partiyaya daha çox rəğbət bəsləyir, ona doğru meyillənməyə başlayır. Qeyd etdiyim kimi, əksər partiyalarımızda biz bunu görmürük, müşahidə edə bilmirik. Ümumiyyətlə, siyasi mədəniyyətin yüksək səviyyədə tutulması üçün istər hakimiyyətdə olan partiya, istərsə də müxalifətdə olan partiyalar mütləq şəkildə planlı, davamlı, ardıcıl fəaliyyət göstərməlidirlər. Əlbəttə ki, bu fəaliyyəti uğurlu bir şəkildə həyata keçirə bilənlər həmişə öndə olurlar, hakimiyyətə daha yaxın olurlar, yaxud da hakimiyyətdə olurlar. Belə fəaliyyətlərdən kənar qalan partiyalar isə əlbəttə ki, illərlə siyasi səhnədə sadəcə olaraq ortalıqda dolaşıb, baş qatmaqdan başqa bir şeyə nail ola bilmirlər”.

Politoloq Yusif Bağırzadə isə Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə siyasi mədəniyyət anlayışı iki mənada işlənir:

"Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada isə siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür. Demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyət cəmiyyətin siyasi həyatında davranış normalarını, fəaliyyət qaydalarını müəyyən etməklə yanaşı, həm də bu norma və qaydaları təyin edir. Beləliklə, siyasi mədəniyyət siyasi sistemdə, onun əməli fəaliyyətində qüvvədə olan normaların, davranışların, ictimai-siyasi təsisatların və s. qarşılıqlı münasibətlərinə aid olan ideyaları konsepsiyaları, inamları, nəsildən-nəslə keçib formalaşan siyasi ənənələri, insanların mövcud ictimai-siyasi sistemə, onun idarə və təsisatlarına olan münasibətlərini əhatə edir. İnsanların siyasi davranış normaları, siyasi ideyalar, inamlar, siyasi biliklər - bir sözlə siyasi mədəniyyətin bütün hissələri mövcud cəmiyyətin siyasi birliyini, siyasi bütövlüyünü təmin edir".

“Siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq düzgün deyil”
Müsahibimiz qeyd edir ki, bu baxımdan siyasi mədəniyyətin tərbiyə edilməsi olduqca vacibdir:

"Bunları nəzərə alaraq qeyd edə bilərik ki, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsas əlamətlərindən biri insanlarda siyasi mədəniyyətin tərbiyə edilməsidir. Siyasi mədəniyyətin ən vacib təzahürlərindən biri qərarların qəbul edilməsinə vətəndaşların təsiri və onda iştirak etməsi səviyyəsidir. Xalqın müxtəlif səviyyələrdə siyasi fəaliyyətdə iştirakı idarəetmənin demokratik formasının inkişafına səbəb olur. Bu baxımdan da cəmiyyətdə siyasi mədəniyyətin inkişafında siyasi partiyaların və ümumilikdə siyasi təsisatların rolu əvəzsizdir".

Y.Bağırzadənin sözlərinə görə, siyasi mədəniyyətin formalaşmasında və inkişafında çoxpartiyalılığın özünün də böyük rolu var:

"Çoxpartiyalı sistemlərdə siyasi partiyaların bu və ya digər qərarların qəbuluna təsiri daha effektli formada baş verir. Siyasi partiyaların öz üzvləri və ayrı-ayrı informasiya vasitələrinin köməyilə cəmiyyəti bu və ya digər qərarların qəbulu üçün səfərbər etməsi, müxtəlif səviyyəli seçkilərdə iştiraka stimullaşdırması, referendum yolu ilə qəbul edilən qərarlarda mövqe ortaya qoymağa dəvət etməsi siyasi mədəniyyətin vacib elementlərindən biridir. Bu mənada siyasi mədəniyyətin inkişafında siyasi partiyaların üzərinə çox böyük vəzifə düşür. Hər birimiz son bir neçə ildir ki, Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin, daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması bu mərhələnin əsas cəhətlərindəndir".

"Amma onu da qeyd edim ki, siyasi mədəniyyətin inkişafını təkcə siyasi partiyaların üzərinə qoymaq da düzgün deyil. Belə ki, siyasi mdəniyyətin geniş şəkildə inkişafı kompleks yanaşma tələb edir və burada ayrı-ayrı dövlət qurumlarının da üzərinə böyük vəzifə düşür. Çünki siyasi mədəniyyətin inkişafı həm də cəmiyyətin siyasi cəhətdən yenilənməsi səviyyəsi ilə ölçülür. Buna isə sosial-siyasi həyatda geniş islahatların keçirilməsi ilə nail olmaq olar. Tam məsuliyyəti ilə demək olar ki, son bir neçə ildir ki, məhz bu istiqamətdə həyata keçirilən islahatlar, hakimiyyət və siyasi partiyalar arasında münasibətlərin inkişafı istiqamətində atılan addımlar nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşmasına öz müsbət təsirini göstərib" - deyə Y.Bağırzadə əlavə edib.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az