IX Zirvə Görüşündə Prezident İlham Əliyevin etdiyi çıxış türk birliyinin güclənməsi üçün gələcək fəaliyyətin əsas istiqamətlərini ortaya qoydu
▪️ Dünyanın yeni reallıqları 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyasının daha işlək mexanizmlərlə birliyini gerçəyə çevirməkdədir. Reallıq budur ki, 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı altında qurulmuş olan beynəlxalq təşkilat son illər sıx birliyə xidmət edən addımlar atmaqdadır. Bu, ilk növbədə ötən 13 illik müddətdə türk dövlətləri arasında əlaqələrin inkişafına sərf olunan əməyin nəticəsidir. Digər yandan isə bölgədə yaranan yeni siyasi mənzərə, Türk dövlətlərinin, xüsusilə Türkiyənin, Azərbaycanın artan nüfuzu Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinə, tezliklə dünyada mövcud olan güclü birlik modellərinə uyğun quruma çevriləcəyini vurğulamağa əsas verir.
Təşkilatın indiki inkişaf səviyyəsinə çatmasında Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü, prinsipial siyasətinin rolu danılmazdır. Prezident Naxçıvanda təşkilatın əsasının qoyulduğu gün etdiyi çıxışı zamanı türkdilli xalqların birliyini zəruri edən məqamları xüsusi vurğulamışdı: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyat, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.
Başqa bir məqama diqqət edək. 2019-cu ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilirdi və bu görüş Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edirdi. Prezident İlham Əliyev həmin toplantıda Zəngəzurla bağlı mühüm mesaj vermişdi: “Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.
Tarixi həqiqətləri özündə əks etdirən bu bəyanatdan bir il sonra 2020-ci ildə Azərbaycanın 44 günlük tarixi zəfəri Prezidentin Zəngəzur bəyanatının təsadüfi olmadığını sübuta yetirdi. Dəhlizin açılması ilə bağlı məsələ 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olundu və bunun reallışdırılması zaman məsələsidir.
Ötən zaman kəsiyinə baxsaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu görərik. Son aylarda Prezident İlham Əliyevin türk dövlətlərinə səfərlərinə, onun qarşılanma mərasimlərinə, verilən bəyanatlara nəzər salsaq, bunun məhz qeyd olunan yöndəki siyasətin real nəticələri olduğunu görərik.
Keçən il Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” mükafatı ilə təltif olunması Azərbaycanın türk coğrafiyasında artan nüfuzunun daha bir göstəricisidir. Bu, Azərbaycan Liderinin böyük şəxsiyyətinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən ali dəyərdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə təkcə tarixi ədalət bərpa olunmayıb. Bu tarixi Zəfər həm də Türk Birliyinə mühüm töhfədir və təşkilata yeni nəfəs gətirib. Söhbət Zəngəzur dəhlizinin həyata vəsiqə qazanandan sonra birliyin daha da güclənməsinə xidmətdən gedir. Bəllidir ki, du dəhlizin açılması ilə türkdilli dövlətlər arasında tarixi coğrafi bağlılıq yenidən mümkünləşəcək.
Səmərqənddə təşkilatın IX Zirvə Görüşündə Prezident İlham Əliyevin etdiyi çıxış türk birliyinin güclənməsi istiqamətində gələcək fəaliyyətinin konturlarını ortaya qoydu. “Türk dünyası bir ailədir” bəyanatını verən Azərbaycan Prezidenti bu ailənin ortaq hərəkət edəcəyi məqamları vurğuladı. Türk dövlətləri bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır. Prezidentin müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində əməkdaşlığı vurğulaması təsadüfi deyildi. Bu o deməkdir ki, təşkilat artıq bu istiqamətdə real işə başlamaq mərhələsinə gəlib çatıb. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına malik Türk dünyası həm də müasir hərbi imkanlara malikdir. Türkiyənin hərbi sənayesinin gücü, imkanları bütün dünyaya bəllidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycanın da artıq hərbi sənaye məhsulları ilə tanınmasını gerçəkləşdirib. Bütün bu və digər imkanlar müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində əməkdaşlığı gücləndirməyi labüd edir və Azərbaycan Prezidentinin bəyanatı da bunun vaxtının çatmasına vurğudur.
Prezident, həmçinin Türk dövlətləri sərhədlərindən kənar yaşayan soydaşlarımızın problemlərinin təşkilatın gündəliyinə gətirilməli olduğunu da bəyan etdi və bu, bir ilk idi. Dövlətimizin başçısı “türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” bəyanatını verməklə təşkilatın qarşısında yeni vəzifənin təməlini qoydu: “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb”. Prezident türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanına nail olmamasını bildirdi: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır”.
Bu, bölgədə cərəyan edən proseslər fonunda Türk Dövlətləri Təşkilatının hansı istiqamət üzrə fəaliyyətini qurmasına işarə idi. Təşkliat özünü bu proseslərin fövqündə tutmamalı, yeni reallıqlara adekvat fəaliyyətini qurmalıdır. Prezident İlham Əliyev bu bəyanatı bütün dünya azərbaycanlılarının məhəbbətini qazanmış Lider kimi verdi. Azərbaycan Prezidentinə bütün soydaşlarımızın, xüsusilə İrandakı azərbaycanlıların yüksək rəğbəti günümüzün danılmaz reallığıdır. Cənublu soydaşlarımızın son vaxtıar Azərbaycan Prezidentinə hörmətini ifadə edən fotoların, görüntülərin yayılmasına hamımız əyani şahidik. Prezident çıxışında Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini bildirdi: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Qeyd olunanlarla yanaşı, Zirvə Görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etməklə, birliyə töhfə verəcək daha bir bəyanata müəlliflik etdi. Bu, türk dünyasının əməkdaşlıqda yeni mərhələyə qədəm qoymasına, tərəfdaşlıqdan inteqrasiyaya keçməsinə xidmət edə bilər. Türkiyədən sonra digər türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində yaxından iştirakı sözsüz ki, birliyə xidmət etmiş olacaq.
Beləliklə, Zirvə Görüşü türk dövlətlərinin indiki durumda birgə hərəkət etməsinin olduqca vacibliyini bir daha təsdiqlədi. İnanırıq ki, verilən bəyanatlar, qəbul olunan qərarlar və gerçək türk həmrəyliyinin nümayişi kökdən gələn bu birliyin daha güclü, cağdaş dünyanın tələblərinə uyğun qurulmasını mümkünləşdirəcək.
Elman Babayev Əməkdar jurnalist


