Gündəm Özəl

“Azərbaycan və Rusiyanın koordinasiya edilmiş fəaliyyəti olmalıdır” — Elman Nəsirov

“Azərbaycan və Rusiyanın koordinasiya edilmiş fəaliyyəti olmalıdır” — Elman Nəsirov

“Son vaxtlar Rusiyanın dövlət telekanallarında Azərbaycan əleyhinə dezinformasiya, Azərbaycan əleyhinə qərəzli məlumatların, informasiyaların yayılması prosesi intensiv xarakter almaqdadır. Bu, çox təhlükəli tendensiyadır. Yeri gəlmişkən, qeyd edim ki, bir qədər öncə Rusiyanın dövlət kanalında “Böyük oyun” verilişində antiAzərbaycan təbliğatı aparılmışdır. İndi də Rusiyanın digər dövlət kanalı “Rossiya 24” də yenidən Azərbaycana qarşı qərəzli, yalan, iftira ilə dolu məlumatlar tirajlanmaqdadır. Burada sitat gətiririk ki, Vaşinqton planına görə Qarabağ üzərində Azərbaycan tam suverenliyi təmin edilir və bu halda Ermənistanın maraqları nəzərə alınmır. Bununla da, fon yaratmaq istəyirlər ki, guya ki, Vaşinqton postmüharibə dövrünün tənzimlənməsində Azərbaycanın yanındadır, Qərb Azərbaycanın yanındadır. Ona görə də, o, pisdir. Lakin Rusiya isə bu məsələrdə fərqli mövqedə dayanır və Rusiyanın təklifləri daha çox erməni maraqlarını nəzərə alır. Bununla da, sanki Rusiya kütləvi informasiya vasitələri bu gün Ermənistanda tüğyan edən antirusiya dalğasını Azərbaycanın əleyhinə informasiya yaymaq hesabına yatızdırmaq istəyirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat əlavə edib ki, qərəz o qədər artıb ki, hətta ifadələrin belə mahiyyətinə və mənasına varmırlar:

“Məsələn Ermənistanın Baş naziri Nikol Paşinyanı prezident Paşinyan kimi təqdim edirlər. Qondarma rejimin keçmiş bir qondarma rəhbərindən sitat gətirirlər. Eyni zamanda, erməni ekspertlərini bu verilişə dəvət edib antiazərbaycan mövqe ortaya qoyurlar. Doğurdan da, Rusiyanın “Rossiya 24” dövlət telekanalı obyektiv və qərəzsizdirsə, niyə azərbaycanlı ekspertləri dəvət etmir?! Azərbaycanın politoloqlarını verilişinə dəvət etmir?! Ancaq erməni ekspertlərini başına toplayır və Azərbaycan əleyhinə təbliğat aparırlar. Bu, qəbul edilməzdir! Bu, eyni zamanda Azərbaycan-Rusiya arasında imzalanmış strateji müttəfiqlik münasibətlərinin səviyyəsinə xələl gətirən hadisədir. Heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlməyən yanaşmadır və hər iki dövlət arasında imzalanmış müvafiq sənədə görə, informasiya təhlükəsizliyi məsələlərində Azərbaycan və Rusiyanın koordinasiya olunmuş fəaliyyəti olmalıdır. Onda nə baş verməkdir? Bu, nə deməkdir?”.

“Görünür ki, Rusiya fərqindədir ki, artıq Qərb Cənubi Qafqazda da Ukraynada olduğu kimi ona qarşı bir cəbhə açıb. Belə olan vəziyyətdə, həmin cəbhədə Ermənistan Qərbin yanındadır. Avropa İttifaqı, ATƏT-in missiyasını mda Ermənistana gətirən məhz rəsmi İrəvandır. Belə olan vəziyyətdə, Rusiya jestlər edir ki, Ermənistanın əlindən çıxmasının qarşısını alsın. Ermənistana qarşı müəyyən belə cəlbedici, Ermənistann yanında olduğunu göstərə biləcək bir addımlar atmaq istəyir. Bu isə hesab edirəm ki, tamamilə yanlış yanaşmadır. Regionda sülhə və təhkükəsizliyə təminat verməyən bir yanaşmadır. Təhlükəsizlik üçün təhdid yaradan bir yanaşmadır. Bütün bu antiazərbaycan təbliğatı Rusiyanın dövlət kanallarında son qoyulmalıdır! Heç şübhəsiz ki, Azərbaycanın müvafiq dövlət qurumları bu istiqamətdə çalışır və qarşı tərəfə başa salır ki, buna son qoyulmasa, bu nəticə etibarilə Azərbaycan-Rusiya münasibətlərində çox ciddi çatların yaranmasına gətirib çıxara bilər. Bu da heç bir halda, indiki beynəlxalq situasiyada, beynəlxalq mürəkkəb şəraitdə Rusiyanın milli dövlətçilik maraqlarının ziddinə ola bilər. Bunları gərək Rusiya tərəfi nəzərindən qaçırmasın”.

Aynurə Demokrat.az

D
demokrat.az