Azərbaycanda Covid-19-un müəyyən edilməsi üçün burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 40-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir.
Dövlət poliklinikalarında aparılan testlərin qiyməti özəl klinikalara nisbətdə iki dəfəyədək ucuzdur.
Bəs, hazırda koronavirus testlərinə ehtiyac varmı? Testlərin keyfiyyəti qanedicidirmi?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Bakupost.az -a açıqlamasında bildirib ki, Covid-19 testlərinin əksəriyyəti xaricdə istehsal olunur və onların keyfiyyəti özünü doğruldub:

"Hazırda respirator xəstəliklərinin çoxaldığı bir dövrdə insanların özlərini yoxlatması normaldır. Bu yoxlamalar ağırlaşmaların qarşısını almağa daha tez imkan verir. Məlumdur ki, Azərbaycanda koronavirus öz qürubuna doğru gedir. Düzdür, dünyada, yaxud Azərbaycanda pandemiyanın bitməsilə bağlı rəsmi raport yoxdur, amma buna yaxınlaşırıq".
A.Qeybulla qeyd edib ki, koronavirus pandemiyası tam başa çatmasa da, ağırlaşma göstəriciləri xeyli aşağı düşüb: "Növbəti yayılma göstərdi ki, Azərbaycan reallığında kollektiv immunitetin formalaşması səbəbindən koronavirusun geniş yayılması və ciddi bir dalğa yaratması imkanı demək olar sıfıra bərabərdir. Bu baxımdan hesab edirəm ki, pandemiyanın sonuna doğru gedirik".


