Xarici siyasət Özəl

“İran da Ermənistan kimi dalana dirənir“ — TƏHLİL

“İran da Ermənistan kimi dalana dirənir“ — TƏHLİL

“Sadəcə regionumuzda deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemində baş verən hadisələri təhlil edən zaman Qərblə Rusiyanın buynuz buynuza gəlməsi, bu məsələdə bəzən də şərtlərin diktə etməsi ilə hər kəsin tərəfini seçməsi, yaxud da nəticəsinin necə olacağı fonunda dövlətlərin hər biri siyasi və hərbi hünərlərini meydana çıxarmaq, əzələ gücü nümayiş etdirmək baxımından sanki bir yarış içindədirlər. İranın hərbi hünərini göstərməyə çalışması məqsədilə keçirilən bu təlimlər isə Qarabağ müharibəsindən sonra keçirilən ilk təlim deyil. Lakin bütün sərhəd boyu keçirildiyini və geniş texniki qüvvə və silah-sursat cəlb olunduğunu nəzərə alsaq, deməli, təlim sözün bütün mənalarında genişmiqyaslıdır. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələri son sentyabr hadisələrində gücünü hər bir tərəfə daha ağır addımlarla göstərdi. Düşünürəm ki, müharibədən çıxmasına baxmayaraq Azərbaycan Ordusunun kifayət qədər təchizatlı olmasının yenidən təsdiqlənməsi həm də İranı silkələdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq daha sonra bunları əlavə edib.

“Araz çayı boyunca keçirilən “Qüdrətli İran” adlı hərbi təlimlərin adı rəsmi olaraq hər nə qədər illik plan üzrə olduğu bildirilsə də, hadisələrin baş vermə ardıcıllığı və inkişaf tendensiyası başqa şeydən xəbər verir. “Sərhədlərin dəyişməzliyi” ilə əlaqədar bəyanatlar, Avropa İttifaqının mülki missiyasının regiona gəlməsi, İsrailin müdafiə naziri Benyamin Qantzın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana gəlişi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Zəngəzura-Zəngilana səfəri öncəsi həm Azərbaycan, həm də Türkiyədən Zəngəzur dəhlizinin önəmi ilə bağlı mesajların verilməsi kimi məsələlər İranı daha da aktivləşdirib. İran da olduqca proaktiv davranmğa çalışır ki, bunu daha da tətikləyən amil İranın daxilində baş verən hadisələrlə bağlıdır. İranla nüvə sazişinin prioritet olmadığını açıqlayan ABŞ İranı laxlatmaq baxımından insan hüquq və azadlıqları məsələsindən yapışır”. “İran Rusiyaya Ukrayna müharibəsində dəstək versə də və bu Qərb tərəfindən ona qarşı sanksiyaların tətbiqi ilə nəticələnsə də İran hər bir variantı hesablayır ki, regionda Rusiyanın zəifləyəcəyi təqdirdə regional aktor kimi Türkiyə və Azərbaycanın mövqeyi daha da qabarmasın, o da regional liderliyi əlindən buraxmasın. Məhz buna görədir ki, İran və Azərbaycan xarici işlər nazirlərinin son telefon danışığı zamanı sətiraltı olaraq tərəflər bir-birlərini narahat edən məsələlərlə bağlı qarşılıqlı mesaj verdilər. Daha öncə verilən "sərhədlərin dəyişməzliyi”, “qırmızı xətt” açıqlaması fonunda Ceyhun Bayramov sadəcə Ermənistanın deyil, Azərbaycan da daxil olmaqla ölkələrin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini vurğuladısa, İran da hər hansı xarici qüvvələrin bölgəyə yerləşməsinə qarşı olduğunu vurğuladı. Nəzərə alsaq ki, İsrail həm də Azərbaycan Ordusunun ən böyük silah təchizatçılarından biridir, şübhəsiz ki, İran İsrail müdafiə nazirinin səfərini nəzərdə tutur”,- deyə politoloq qeyd edib.

Politoloqun sözlərinə görə, İran da Ermənistan kimi dalana dirənir.

“Bu baxımdan düşünürəm ki, İran daha praqmatist davranmalı, həm də regional dövlətlərin ondan üz çevirməsinə getməməli, Zəngəzur dəhlizi reallığı ilə barışmalıdır”.

Aynurə Demokrat.az

D
demokrat.az