“Türkiyə hər zaman Azərbaycanın yanında olub. Xatırlayırsınızsa, Türkiyə prezidenti Füzuli Hava Limanının açılışında da iştirak etmişdi. R.T.Ərdoğan bizim həm kədərli günlərimizdə, həm də xoş günlərimizdə iştirak edən bir şəxsdir. O, hər zaman yaxından iştirak edir və bu da təbii ki, bizi ruhlandırır. Növbəti səfərin Zəngilan Beynəlxalq Hava Limanının açılışında gerçəkləşdirilməsi bizim münasibətlərimizi daha da yaxınlaşdıracaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Sabiq diplomat əlavə edib ki, ola bilsin ki, Ərdoğanın bu dəfə ki, səfəri İranla bağlı bir mesaj ola bilər. “Bununla yanaşı, digər amillər də var. Bilirsiniz ki, indi üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan xüsusi təyinatlı qüvvələrinin hərbi təlimləri başlanılıb. Bu da müəyyən bir mesaj ola bilər. Türkiyə təbii ki, hər an dünyaya sübut edir ki, o Azərbaycanın yanındadır və Azərbaycanı dəstəkləməyə, müdafiə etməyə hər an hazırdır. Bu da Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir”.
Aynurə Demokrat.az


