“Sülh danışıqlarının getdiyi bir ərəfədə Ermənistanın sərhədə texnika yığması və belə bir cəhdə yol verməsi, onların özlərinə qarşı etdiyi bir sui-qəsd kimi hesablana bilər. Çünki Azərbaycanın iradəsi məlumdur və biz ərazi bütövlüyümüz, o cümlədən təhlükəsizliyimiz adına nə lazımdırsa, etməyə hazırıq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib. Hərbi ekspert vurğulayıb ki, bu, ölkə rəhbəri tərəfindən də dəfələrlə sərt bir şəkildə ifadə edilib.
“Azərbaycanın perspektiv planda bir neçə məsələləri var. Birincisi, Azərbaycan daxilində Ermənistana məxsus silahlı qrupların zərərsizləşdirilməsidir. İkincisi isə Azərbaycan sərhədlərinin delimitasiyasının tək tərəfli olsa da, tamamlanmasıdır. Delimitasiya sənədlərində də mütləqdir ki, 30 avqust 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” ifadələri öz əksini tapacaq. Bunları nəzərə alaraq, Ermənistanın bu şəkildə şərti dövlət sərhədində hərbi yığnaqlanmalar etməsi, yaxud da təxribatlar törətməsi onların Cənubi Qafqazdakı mövcudluğuna sonlandıra bilər. Mövcud vəziyyətdə Baş nazir Nikol Paşinyana tabe olmayan yüksək çinli zabitlərin özbaşına təxribatlar törətməsi ehtimalı isə heç nəyi dəyişməyəcək. Çünki istənilən halda Azərbaycanın tək marağı ərazi bütövlüyü və təhlükəsizliyidir. Bu səbəblə hər bir revanşist cəhd mütləqdir ki, təhdid olaraq qiymətləndiriləcəkdir. Buna qarşı da Ali Baş Komandanın iradəsi hər kəsə məlumdur”.
Aynurə Demokrat.az


