Media Özəl

Baş redaktor: “Bu gün Azərbaycanda heç bir senzura yoxdur”

Baş redaktor: “Bu gün Azərbaycanda heç bir senzura yoxdur”

“Qlobal dünya özündə yeni çağırışları və trendləri ehtiva edir. Həmçinin, yeni qanunların qəbul olunmasına da zərurət yaradır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. Baş redaktor qeyd edib ki, artıq bütün dünyada bu proses gedir.

“Əgər internet resursları, internet üzərindən yayımlanan saytlar, vətəndaş jurnalistikası hər hansı formada aktuallaşıbsa, bütün dünya bunun üzərində işləyir ki, insanların şərəf və layəqətini qorusun. Bilirsiniz ki, bəzən yersiz yerə insanların həyatı ictimailləşir. Ona görə də, indi internet mediasında yayılan dezinformasiya xarakterli məlumatların qarşısının alınması məqsədilə müəyyən addımlar atılmaqdadır. Müxtəlif dövlətlərin praktikasında da bunlar müşahidə olunmaqdadır. Artıq qardaş Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Düşünürəm ki, bizdə də buna ehtiyac var”.

B.Quliyev əlavə edib ki, bu, jurnalistin informasiya almaq və vermək hüququnu məhdudlaşdırmır, əksinə jurnalisti intizamlı olmağa çağırıır.

“Bu gün heç bir senzura yoxdur və bu da demokratik dəyərlərin bizə verdiyi üstünlükdür. Yəni, bu gün jurnalistlər nə istəyirlər yazırlar, necə istəyirlər araşdırmalar aparırlar, necə istəyirlər informasiya verirlər. Yalnız jurnalist öz məsuliyyətini və dövlətin qarşısında olan öhdəliyini dərk etməyə borcludur. Bu, həm Mətbuat Şurasının əsasnaməsinə, həm “Media haqqında” Qanuna, həm də konstitusiyada insan ləyaqətinin qorunması, informasiyanın alınması və verilməsinə uyğun olaraq hüquqi sahədə öz əksini tapır. Amma, bunu biraz da modernləşdirmək lazımdır. Hesab edirəm ki, dezinformasiyanın verilməməsi üçün artıq hüquqi müstəvidə addım atmağın zamanıdır. Ona görə ki, bu gün hər bir insan özünü jurnalist kimi aparıb, hər bir informasiya ilə insanların şərəfini və ləyaqətini aşağılaya bilir və hər hansı informasiyanı çox rahat şəkildə ictimailləşdirə bilir. Əgər istənilən portallarda dezinformasiyalar verilib, insanların həyatı haqqında xüsusi mənəvi terror yaranırsa, basqı yaranırsa, artıq buna qarşı hüquqi müstəvidə addım atmağın vaxtıdır. Hesab edirəm ki, bundan qorxmaq lazım deyil. Gələcəkdə bizim qanunda da bununla bağlı hər hansı bir qərarların, qanunların qəbul olunmasına zərurət var”.

Aynurə Demokrat.az

D
demokrat.az