Abşeron rayonu, “Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin 3-cü sinif şagirdləri Mehralıyeva Aylin Sənan qızı və Əliyeva Zəhra Elşən qızının valideynləri saytımıza müraciət ediblər.
Valideynlər "Unikal"a müraciətlərində iddia ediblər ki, onların övladları təhsil aldıqları məktəbdə həmin məktəbin təlim-tərbiyə üzrə müəllimi Zəhra tərəfindən işgəncəyə məruz qalıb.
Sənan Mehralıyev bildirib ki, 1-ci sinifdən övladı həmin məktəbdə təhsil alıb və həmişə müəllimlərdən razı olub. O qeyd edib ki, danışdıqları bu tədris ilində olub:
"Ötən həftənin 5-ci günü (14 oktyabr) Zəhra Əliyevanın anası uşağı məktəbdən götürəndə ingilis-dili müəllimindən direktora şikayət edib. Direktor deyib ki, istəmirsənsə, övladını götürüb apar. Anası Zəhraya bildirib ki, səni başqa məktəbə aparacam. Uşaq ondan sonra anasına hər şeyi danışıb. Bildirib ki, Aylini xətkeşlə boğurdular. Zəhranın anası məsələni aydınlaşdırmaq üçün həyat yoldaşıma zəng edib. Bu zaman Aylin ağlamağa başlayıb. Uşaq deyib ki, Zəhraya da iynə vururdular. Bundan sonra Zəhra anası ilə bizə gəliblər. Uşaqlar onlara qarşı olanları danışmağa başlayıblar. Uşaqlar danışıblar ki, əllərini bağlayıb, ağızlarına skoç vururmuşlar. Bunları isə Zəhra müəllimə edirmiş. Hətta sinif rəhbərləri Vüsalə Əsədova da bunun şahidi olub. Uşaqlar deyir ki, tənəffüs zamanı onlara iynə vurublar. Əlində iynələrin izləri var. Uşaqlar deyir bir dəfə qorxub qaçmaq istəyiblər. Ancaq sinif rəhbərləri Vüsalə müəllimə qoymayıb. Deyib sakit oturun. Qızım Aylin deyir ki, iynədən sonra qarşımdakı əşyaları sağ-sola gedən kimi olub. Ondan sonra əlini çimdikləyib ki, hiss edirsənmi? Uşaq da yox deyə cavab verib. Ondan sonra gözünə damcı töküblər. Həmçinin, uşaqlara qara tabletkaya bənzəyən bir şey veriblər. Ondan sonra deyir ağzımız keyiyirdi. Biz bu işin araşdırılmasını istəyirik ki, uşaqlara hansı məqsədlə iynə vurulub?".









