Azərbaycanın inkişaf strategiyasının əsas xətti yalnız paytaxt Bakı şəhəri və Abşeron yarımadası ilə məhdudlaşmır. Elə bu səbəbdəndir ki, regionların da sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Lakin bütün bu işlərə baxmayaraq, paytaxt Bakıda əhalinin sıxlığı müşahidə olunmaqdadır. İqtisadçı-ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, urbanizasiyanın əsas səbəbi son 20 ildə həyata keçirilən iqtisadi siyasətdir. Ekspertin sözlərinə görə, ölkəmizdə iqtisadiyyat təmərküzləşib:
“Bakı şəhərində və neft resursları ətrafında, eyni zamanda infrastruktur da məhz bu istiqamətdə təmərküzləşdi. Bu isə təbii ki, işsiz insanların xüsusilə də, müxtəlif sosial xidmətlərə çıxışda çətinliklə üzləşən insanların Bakı şəhərinə üz tutmasına gətirib çıxardıb. Bakı və onun ətrafındakı Abşeron yarımadasında kütləvi şəkildə qeyri-rəsmi məskunlaşma var. Bu problemin əsas həlli təbii ki, iqtisadiyyatın regionlara doğru şaxələndirilməsi olmalıdır. Bunun üçün də kifayət qədər fundamental islahatların aparılmasına ehtiyac vardır. Yəni, Azərbaycanda region iqtisadiyyatı, qeyri-neft iqtisadiyyatı, qeyri-resurs iqtisadiyyatıdır. Və Azərbaycanda qeyri-neft iqtisadiyyatının zəif inkişafı, zəif şaxələndirilməsi təbii ki, özünü regionlarda daha kəskin şəkildə göstərir. Çünki paytaxtda resurslar müəyyən qədər bu çatışmamazlığı kompensasiya edir. Və buna görə də, biznes mühitin inkişafı ilə bağlı fundamental dəyişiliklərin aparılmasına ehtiyac vardır. Bunun yolu ilk növbədə ondan keçir ki, bölgələrdə siyasi idarəetməyə bugünkü yanaşma dəyişsin. Çünki regionların idarəediciləri təyin edilən şəxslərdir. Bir çox hallarda isə onlar regionla əlaqəsi olmayan şəxslərdir, regionun ənənələrini iqtisadi inkişaf meyillərini bilməyən insanlardır. Hətta onların öhdəliyi də iqtisadiyyatı inkişaf etdirmək deyil. Baxmayaraq ki, bu son dövrlərdə səsləndirilir, həmşinin baxmayaraq ki, son dövrlərdə icra hakimiyyətlərinin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı müəyyən metodologiya hazırlanıb, bu metodologiya çərçivəsində iqtisadi parametrlər də bura daxil edilib, amma yenə də ənənə qalır”.
İqtisadçının sözlərinə görə, regionda icra hakimiyyəti fəaliyyəti, onun sadiqliyi və eyni zamanda regionun sabitliyi ilə əlaqələndirilir, daha çox isə siyasi parametrlərlə əlaqələndirilir:
“Buna görə də, özünü yeni idarəetmə institutu formalaşmalıdır. Söhbət getmir ki, bizdə bələdiyyələr var, bu əslində nağıldır. Bələdiyyələr heç nəyə yaramır. Bələdiyyə institutu Azərbaycanda işləmir və nə qədər ki, regionun idarəedicisi icma təmsilçisinin səsverməsi ilə təyin olunmur, icma səsinə ehtiyac yoxdur, o qədər də bu istiqamətdə biz inkişafda əngəllərlə üzləşmiş olacağıq. Çünki təyin edilmiş şəxslərin öhdəliyi icma qarşısında deyil, onların öhdəliyi mərkəzi aparat qarşısındadır. Bu ciddi şəkildə Azərbaycanda regional inkişafı ləngidən amillərdən biridir. Bu problem öz həllini tapmalıdır. Bundan başqa, təbii ki, biznesə müdaxilə imkanı yaradan bugünkü bütün hüquqi çərçivə tamamilə dəyişdirilməlidir. Yəni, səlahiyyətləndirmədə bu məqam xüsusilə nəzərə alınmalıdır. Kiminsə sahibkarın fəaliyyətinə qeyri-rəsmi kənardan öz səlahiyyətlərindən istifadə edərək müdaxilə imkanı olmamalıdır. Başqa sözlə desək, bu korrupsiyadır. Korrupsiya imkanı yaradan bütün elementlər hüquqi bazadan qanunvericilik çərçivəsindən təmizlənməli və mərkəzi idarəetməni təmsil edən qurumların səlahiyyətləndirilməsi zamanı onların əsasnaməsində bu özünü tapmalıdır”.
Ekspert əlavə edib ki, təşviqlər, eyni zamanda kənd təsərrüfatı, xüsusilə də regionun iqtisadiyyatının modelləşdirilməsinə ehtiyac vardır.
”Onun nəticəsində hər bir region üçün prioritet iqtisadi müqayisəli üstünlüyü olan iqtisadi fəaliyyət sahələri üzrə çıxarılmalıdır. Bu istiqamətdə artıq birbaşa olaraq real təşviqlərin və hər kəs üçün əlçatan təşviqlərin tətbiqi, hər kəs üçün əlçatan biznes imkanlarının tətbiqi prosesinə start verilməlidir. Əlbəttə ki, biz bu zaman görəcəyik ki, kənd təsərrüfatı öndədir. Kənd təsərrüfatı onsuz da bu gün də regionlarda xüsusilə də məşğulluqda bir çox regionlarda 60 faizə qədər paya gəlib çıxır. Təbii ki, bu özü regionların əslində zəif inkişafını şərtləndirən faktordur. Çünki Azərbaycanda kənd təsərrüfatı mənfəət normasının ən aşağı olduğu iqtisadi fəaliyyət sahələrindən biridir. Və buradakı gəlir səviyyəsi digər sektorlarla müqayisədə əhəmiyyətli səviyyədə aşağı olduğundan bu insanların yoxsulluqdan çıxması imkanlarını məhdudlaşdırır. Bu insanların şəhərlərə xüsusilə də, Bakıya və Abşerona yönlənməsini şərtləndirir. Bu baxımdan da kənd təsərrüfatında yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı kompleks tədbirlər görülməlidir. Kənd təsərrüfatının ekstensiv bölünməsindən intensiv inkişafı modelinə keçirilməlidir. Yəni, məhsuldarlıq artırılmalıdır və peşəkar aqrar fəaliyyətlər təşviq olunmalıdır. Bunun üçün də düşünürəm ki, xüsusilə də, risk çətiri formalaşdırılmaldıır, risklərdən qorunma çətiri formalaşdırılmalıdır. Aqrar sığorta mexanizmi işləkliyi və eyni zamanda funksionallığı artırılmalıdır”. “Aqrar sığorta bu gün təbii fəlakətlərdən qoruyur müəyyən mənada. Çox dar bir subyekt sayını ki, bu sahə Azərbaycanda müəyyən mənada inkişaf etməyə yeni başlayıbdır. Buna görə də hələlik də tam sektoru əhatə eləmir. Deyərdim ki, bəlkə 2 faizini belə əhatə etmir. Amma, bununla belə hətta bu gün əhatə etsə belə, kənd təsərrüfatının mühüm problemi sayılan qiymət riskini, ixrac riskini sığortalamır, gəlir riskini sığortalamır. Hansı ki, dünya təcrübəsinə baxanda biz görürük ki, aqrar sığorta məhsulları xeyli şaxələnib genişlənib. Təbii ki, burada ən riskli fəaliyyəıt sahələrindən biri kimi dövlətin zəmanəti hər zaman bütün ölkələrdə, hətta ABŞ-da belə dövlət zəmanəti var. Yəni, təkrar sığorta risklərinin yükünün əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürür. Yaponiyada da, Almaniyada da belədir. Çünki çox riskli sahə olduğundan sığorta şirkətləri, özəl sektorlar buna çox maraq göstərmir. Amma dövlət özü prosesdə iştirakçılığını təmin etməklə, bu risk yükünü minilizə etməklə, özəl sığorta şirkətlərinin artıq bu bazarda aktiv şəkildə iştirakçılığını təmin edir”, - deyə ekspert əlavə edib. “Azərbaycanda da düşünürəm ki, ilk növbədə bu istiqamətdə işlər görülməlidir. Baxın, kəndçi məhsulu istehsal edir, mənfəət götürmə zamanı qiymətlər o səviyyəyə qədər ucuzlaşır ki, artıq kəndçi nəinki gəlir əldə edə bilmir, bir çox hallarda hətta o zərərlə üzləşmiş olur. Bu da təkrar istehsalı yenidən dövrü olaraq təmin etmək imkanlarını məhdudlaşdırır. Bu özü də ciddi problemdir və bu problem həllini tapmalıdır. Eyni zamanda resursların xüsusilə kənd təsərrüfatında ədalətli bölgüsü ilə bağlı daha şəffaf mexanizmləri olmalıdır. Məsələn suya çıxış imkanı. Bu gün regionlarda əsas problemlərdən biri suya çıxış imkanıdır. Xüsusilə, aqro parkların salınması, böyük təsərrüfatların formalaşması zamanı. Hər kəs düşünürdü ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına töhfə verəcəkdir. Əlbəttə ki, məhsul istehsalı baxımından töhfələri var, ixrac aspekti baxımından da töhfələri var. Amma, eyni zamanda bütün bölgənin resurslarından, su ehtiyatlarından bu müəssisələrə yönləndirilməsi, son nəticədə kəndlini kənd təsərrüfatından soyudur, fəaliyyətindən uzaqlaşdırır. Çünki onlar məhsulun bar vermə dövründə su tapa bilmirsə, demək artıq məsələ bitib. Bu fəaliyyət sahəsini beynində bitirir, gücü də çatmır. Çünki bizdə bu ədaləti bərpa edəcək mexanizmlər də zəifdir. Hansısa icra hakiminin himayə etdiyi sahibkar bu fəaliyyəti ilə məşğul olur, yaxud da öz biznesidir, yəni müxtəlif səbəblərdən insanların da gücü çatmır ki, bu ədalətin bərpası ilə bağlı müəyyən addımlar atsınlar. Ona görə də, soyuyurlar və üz tuturlar şəhərlərə, tikintilərdə iş axtarırlar. Problemlər kifayət qədər köklüdür. Bu problemlər həll edilmədikcə, Azərbaycanda bugünkü müşahidə edilən idarəolunmaz urbanizasiya və Bakıətrafı təmərküşləminin qarşısını almaq mümkün olmayacaq”. İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, regionlara dair layihələrin işləməməsi bugünkü duruma gətirib çıxardıb:
“Regionların inkişafı ilə bağlı min bir layihə işlənilib, min bir müəssisə açılıb. Cənab Prezident 2005-ci ildən başlayaraq, bu dövrlərdə hansı müəssisələrin açılışında olubsa, bir təftiş aparılmalıdır. Təftiş aparsınlar ki, görək bu regionda olan müəssisələr niyə işləmir? Yaxud bu müəssisələrdə bu qədər avadanlıqlar var, həcmi var, gücü var. Bunlar nəyə görə yüzdə bir gücü ilə işləyir? Onlar köhnəlir, məhv olur, bura pul buraxıblar. Bunlar göydən gəlib düşməyib! Bax bu işlərə cavab tapılmaldıır. Bunlara cavab tapılsa, hər şey düzələr. Tək prezident bu işləri çatdıra bilməz axı. Bu yardımçı komandanı görmürük, hiss etmirik! Hər şey açılır vaxtlı-vaxtında. Kənd təsərrüfatı sektorumuz var, amma kənd təsərrüfatı sektorundakı sahibkar su tapmır yayda. Onu isə deyən yoxdur. Yaxşını deyirlər. Yaxşı olardı ki, hər rayonda bir “Mozalan”ın nümayəndəliyi açılsın. Fasiləsiz sosial şəbəkələrədə informasiya versin ki, bu sahədə problem budur. Problemlər də dərhal aradan qaldırılsın. Qalstuk, kostyum geyinib, otaqda oturmaqla iş getməyəcək! O vaxta qədər bu problem davam edəcək ki, oradakı bu layihələr icra olunsun. Məşğulluq problemi o zaman düzələcək ki, taksidə işləyən cavanlar, Bakıya çörəkpulu dalınca üz tutan insanlar gedər rahatlıqla bölgələrdə, vilayətlərdə işləyərlər. Başları da rahat olar, əsəbləri də. Həyatının ən gözəl vaxtlarını da tıxacda keçirməzlər. Heç bir layihə lazım deyil, mövcudları hərəkətə gətirmək lazımdır. Bu gün bunları icra etmirlər, müəssisələr yarı güclə işləyir, ya da ki, ümumiyyətlə işləmir. Zavod var ki, orada 700-800 nəfər işləyə bilər, amma 10 nəfər sex səviyyəsində işləyir. Ay qardaş, belə iş görmürlər axı! Hər yerdə Zaqatalada, İsmayıllıda, Qazaxda və digər yerlərdə zavodlar va. Misal üçün, biz İsmayıllıda velosiped zavodu açmışdıq. İşləmir. Hamısı bu vəziyyətdədir. Bəla ondadır ki, müəssisə işləməyəndə, oradakı avadanlıqlar hərəkətdə olmayanda onlar sürətlə köhnəlir, dəyərsizləşir. Biz özümüzün düşməniyik? Artıq bununla bağlı ciddi işlər görülməlidir. Düşünürəm ki, regionun inkişafı üçün hər şey var, lakin bunun artıq ciddi icrasına ehtiyac var”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu - Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi