“Bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Astanada görüşü keçirildi. Belə görüşlərin tərəflərin mövqelərini qətiləşdirməsi baxımından əhəmiyyətli olduğu şübhəsizdir. Hər görüş nəticəyə gəlmək üçün bir körpü rolu oynayır. Bu, nəzəri olaraq belədir. Məsələ ondadır ki, tərəflər bu görüşlərə hansı niyyətlə gəlir. Hesab edirəm ki, görüşlərin keçirilməsi artıq konkret nəticəyə hesablanmalıdır. Görüş xatirinə görüş olmamalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Analitik bildirib ki, Çexiya sammitində dördtərəfli görüşdən və qəbul edilən bəyanatdan sonra bu görüşün fürsət düşən kimi keçirilməsi gözlənilən idi.
“Rusiya bu bəyanatdan və formatdan narazı idi. Məlumdur ki, maraqlı tərəflər öz mövqelərini gücləndirməyə, digər mövqeləri isə əhəmiyyətsizləşdirməyə çalışırlar. Bu isə danışıqları səmimi şəkildə nəticəyə çatdırmağa yox, mövqe və maraq mübarizəsinə çevirir. Hesab etmək olar ki, bu görüş də belə görüşlərdən biridir. Rusiyanın məqsədləri haqda geniş danışmağa ehtiyac yoxdur, hər kəs bunu bilir. Bu baxımdan, görüşdə ancaq əvvəlki tezislərin müzakirəsindən başqa nəsə gözləməyin mümkün olmadığı qənaətindəyəm. Əslində əvvəlki tezislərini üzərində işlənməsinin özü yaxşı hal olsa da, ancaq niyyət bunları həyata keçirmək yox, bunlardan istifadə edib vaxt uzatmaq olunca, niyyətin səmimi olmadığı anlaşılır. Azərbaycan tərəfi danışıqları sülh müqaviləsi ilə başa çatdırmaq niyyətində səmimi olduğunu dəfələrlə sübut edibsə də, qarşı tərəfin hərəkətləri öz müəyyənsizliyini qoruyur”.
“Erməni tərəfi sülhün onlara verə biləcəyi üstünlüklərinin perspektivini anlasalar da, reallıqda bunun ola biləcəyinə inanmaq istəmirlər. Bu durumda da çalışırlar ki, vaxt qazanıb hadisələrin gedişinə əsasən daha uyğun vaxtı gözləsinlər. Azərbaycan isə onlara vaxt vermək istəmir. Ümid etmək istəyirik ki, istər Rusiya, istərsə də Ermənistan və onun havadarları öz destruktiv niyyətlərindən əl çəkib sülh yoluna gələcəklər. Region da rahat nəfəs alacaq”.
Aynurə Demokrat.az


