“2020-ci il mart ayının 10-da VI çağırış Milli Məclisin ilk iclası keçirildi. Bu iclasda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev proqram xarakterli bir çıxış etdi və bu çıxışında eyni zamanda deputatların qarşısında dayanan vəzifələrə diqqəti cəlb etdi və söylədi ki, hər bir millət vəkili ilk növbədə öz seçicisinin yanında olmalıdır. Onları narahat edən məsələləri öyrənməlidir. Eyni zamanda, onların üzləşdiyi problemlərin həlli istiqamətində ardıcıl, sistemli işlər görməlidir. Bu məqsədlə yerli və mərkəzi icra hakimiyyəti qarşısında bu məsələləri qaldırmalı, lazım gələrsə, Prezident Administrasiyasına müraciət etməli, o vaxta qədər ki, səylər göstərməlidir ki, bu məsələlər öz həllini tapsın. Mən də eyni məntiqlə öz fəaliyyətimi həyata keçirirəm. Seçicilərimlə mütəmadi görüşürəm, onlardan eyni zamanda çoxsaylı məktublar alıram və seçicilərimi narahat edən məsələləri həm mətbuatda, həm parlamentdə çıxışlarımda vurğulayıram”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat fikirlərini belə davam etdirib.
“Amma təəssüf hissi ilə qeyd edim ki, sosial şəbəkələrdə qaragüruh deyilən bir seqment var. Düzdür, sosial şəbəkələrin çox yaxşı bir seqmenti də var. Onlar sosial şəbəkələrin səviyyəsinin yüksəlməsinə xidmət edən informasiyalar yayırlar. Eyni zamanda, qaragüruh deyilən, şər-böhtan ifraz edən bir kateqoriya insanlar da var ki , onlar yaxşı heç nə görmək istəmirlər. Məsələn, bu və ya digər problemi qaldırırsan, həmin o qaldırdığın problemin içərisindən bir sözü kontekstdən çıxarıb, onu müzakirə məsələsinə çevirirlər. Bu və ya digər məsələnin həllinə çalışırsan, onu ictimailəşdirirsən. Sonra növbəti bir məsələ qoyurlar ki, niyə indiyə kimi demirdin, indi dedin? Həmin o qaragüruh deyilən seqment, bunun da xüsusi altından xətt çəkib deyirəm ki, çox savadsızdır. İnanın ki, o qədər savadsızdır ki, mən təəccüb edirəm ki, Azərbaycanda bu qədər elmsiz, biliksiz adamlar var. Belələri təhqir yolunu seçirlər. Baxırsan ki, ancaq təhqir edir və işgüzar nüfuza xələl gətirirlər. Bu insanların bir cümləsində 5-6 səhv tapıram. İnsan fikirləşir ki, bunun yazdığı cümləni hər kəs oxuya bilər. Amma görürsən ki, o qədər savadsızdırlar ki, bunlar məktəbmi görməyib? Uşaq bağçasına getməyiblər? Bunların ali təhsilindən söhbət gedə bilməz! Bu qədər bəsit, bu qədər savadsız bir seqmentin sosial şəbəkəni necə cəngini aldığını görmək doğurdan da, çox çətindir. Adam doğurdan da, təəssüf və təəccüb hissi keçirir. Azərbaycan kimi inkişaf etmiş ölkədə bu gün təhsilimizin, elmimizin inkişafı dövlət siyasətidir və bu istiqamətdə çox ciddi işlər görülür. Amma sosial şəbəkədə bu dediyim qaragüruhçu sanki məktəbdən, elmdən, təhsildən o qədər uzaq düşüblər. Onların hər cümləsini oxuyanda düşünürsən ki, bəlkə başqa planetdən gəliblər? Heç bunların ümumiyyətlə bizə dəxli yoxdur”.
“Baxın, vəziyyətin qəlizliyi bununla bağlıdır. Bunlar bizim qarşımızı ala bilməzlər. Biz öz sözümüzü deyirik. Biz Azərbaycan xalqının mənafeyindən çıxış edən məsələləri qaldırırıq. Biz dövlətimizə, dövlətçiliyimizə xidmət edirik. Biz ölkə Prezidenti İlham Əliyevin siyasətini dəstəkliyirik, onu təbliğ-təşviq edirik. Amma o qaragüruh isə kimə xidmət etdiklərini özləri də yaxşı bilirlər, biz də yaxşı bilirik. Onlar yazıq insanlardır. Mənim onlara yazığım gəlir ki, onlar o qədər uğursuz insanlardır ki, ancaq özünü təsdiqi kimisə söyməkdə və təhqir etməkdə görürlər. Yəqin ki, 5-10 manat da ciblərinə pul basırlar ki, gedib yaşasın. Belə ailə saxlamazlar, belə uşaq saxlamazlar! Ona görə də, hesab edirəm ki, bu cür insanlar cəmiyyətdə heç bir zaman yer tutmayıb. Heç bir zaman cəmiyyətdə hörmət qazanmayıblar, qazanmayacaqlar da. Əsas odur ki, biz deputatlar ilk növbədə cəmiyyətə açığıq, mətbuata açığıq. Sözümüzü deyirik, problemləri qaldırırıq. Xalqımız da bunları görür. Dediyim kimi, bu dövlətimizin siyasətidir və biz də buna xidmət göstəririk”.
Aynurə Demokrat.az


