Gündəm Özəl

“Vətəndaş bir az tərləsin, əziyyət çəksin“ — Deputat

“Vətəndaş bir az tərləsin, əziyyət çəksin“ — Deputat

Paytaxtımızda yeni avtobuslarda havalandırma sisteminin olmasına baxmayaraq, artıq bir çoxunda bundan istifadə olunması dayandırılıb. Havalandırma əvəzinə avtobusların kiçik pəncərələri açılır ki, bu da içəridə olan sərnişinləri qane etmir. Bu gün isə Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri Bakı Dəmiryolu Vağzalında qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, avtobus şirkətlərinin bir qismi əslində mərkəzləşmiş qaydada çalışırlar. Bu da alternativ xidmətə imkan vermir.

“Görünür ki, müəyyən məsrəflər həqiqətən də çoxdur. Onların da öz arqumentləri var. Biz taksi qiymətinin bahalığından danışanda, baxırıq ki, onlar da arqument gətirir ki, tıxaclar və başqa məsələlərə görə onlara sərf etmir, o çəkilən enerjiyə uyğun gəlmir. Hər hansı bir sığortaları yox, hər hansı bir şəkildə fəaliyyətlərinin tənzimlənməsini, maddi təminatını ala biləcək mexanizmlər yoxdur. Ona görə də, şirkətin əldə verdiyi qaydalara tabedirlər. Ona görə burada sürücülər müəyyən məsuliyyət daşımırlar. Amma, bütövlükdə konsdisioner sistemi məsələsi hamısı bir az formallıqlan irəli gələn bir məsələdir. Məsələn, bizdə məktəblərdə də kondisioner yoxdur. Kondisioner olmadığına görə, havalar isti olanda uşaqlar əziyyət çəkirlər. Soyuq vaxtı da bəzi məktəblərdə istilik sistemi işləmədiyinə görə, paltoda otururlar. Deməli, hər bir şeyi vaxtında doğru dəyərləndirib həll etmək lazımdır. Görüntü üçün yox. İndi idman komplekslərinə baxın. İdman komplekslərinin əksəriyyətində duş işləmir, su problemi var. Eyni şey avtobusda da, qatarda da var. Görüntü üçün etdiyimiz bütün sahələr iflasa uğrayıb. Görüntü üçün, plan üçün, gözə girmək üçün, üzdən binaları gözəl düzəldiblər. Hamısı üzdən əladır, elə bilirsən ki, bəlkə ən gözəl ölkənin paytaxtında yaşayırsan. Amma arxa tərəfdən binaya girəndə baxırsan ki, təmirzisizdir, zibilliyin içindədir, evlər bir-birinin içinə girib. Ona görə də, avtobus sistemində də, qatarda vəziyyət belədir. Görünür elə bil sıxıntıları var ki, onu istifadə edə bilmirlər. Əslində bu havalandırma sistemi ilə bağlı məsələ heç olmasa ən azı oktyabrın 15-dək nəzərdə tutulmalıdır. Çünki bizdə temperatur oktyabrın sonuna qədər gündüz vaxtları isti olur“.

“Ümumiyyətlə, vətəndaşı düşünərək hər hansı bir fəaliyyət nəzərdə tutlmadığına görə, bu məsələyə də belə yanaşmaq lazımdır. Vətəndaş biraz tərləsin, əziyyət çəksin. Vətəndaşı düşünən şirkət fikirləşər ki, məndən istifadə etməyəcəklər, yaxud da nüfuzdan düşəm. Nüfuzdan düşmək yoxdur, çünki monopoliyadır. Bilir ki, bundan başqa alternativ xidmət yoxdur axı? Neçə avtobus şirkəti var ki? Hamısı bir mərkəzdən idarə olunur. Ona görə də rəqabət yoxdu deyə, bildiyini də edir“, - deyə deputat sonda qeyd edib.

Aynurə Demokrat.az

D
demokrat.az