Siyasət Özəl

“ABŞ yardımı bölgədə silahlanmanı sürətləndirəcək” — Partiya sədri

“ABŞ yardımı bölgədə silahlanmanı sürətləndirəcək” — Partiya sədri

“Ermənistan mediasında ABŞ-ın silah yardım etməsi barədə söylənilən iddialar reallıqdan tamamilə uzaqdır. 44 günlük müharibədə çox ağır vəziyyətdə olan Ermənistan nə ABŞ-dan, nə də Fransadan arzuladığı yardımı ala bilmədi, yəni ona silah yardımı etmədilər. Ermənistanı bu qədər dəstəkləməklərinə baxmayaraq, indi də etməyəcəklər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Partiya sədri bildirib ki, ilk növbədə ABŞ bu addımı heç vaxt atmayacaq:

“Ermənistandan fərqli olaraq ABŞ da hələ real düşünməyi bacaran kifayət qədər institutlar, mütəxəssislər var. Onlar başa düşürlər ki, Ermənistana silah yardımı ermənilərə kömək etməyəcək. Ancaq ABŞ-ın regiondakı maraqlarına ciddi zərbə vuracaq. Çünki nə qədər ermənipərəst mövqe tutmasına baxmayaraq, ABŞ Administrasiyası yaxşı başa düşür ki, regionun lider dövləti Azərbaycandır və regiona nüfuz etmək üçün ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaq lazımdır. Təkcə Ermənistanla yaxın münasibətlər ABŞ-ın strateji maraqlarına cavab vermir. Məqsəd Ermənistana gəlmək, Ermənistanda yerləşmək deyil. Məqsəd regionda söz sahibinə çevrilməkdir. Bunun üçün də Azərbaycanla münasibətlər qaydaya düşməlidir. İkinci məqam: əgər ABŞ Ermənistana silah yardımı etsə, Azərbaycanın böyük maliyyə imkanları var və daha müasir silah almaq imkanları da kifayət qədərdir. Bu, Amerika yardımı bölgədə silahlanmanı sürətləndirəcək. Üstəlik Türkiyə faktoru var. Ermənistan nə qədər silahlansa da, Türkiyə-Azərbaycan ittifaqına qarşı nəsə etmək imkanına malik deyil”.

Partiya sdəri əlavə edib ki, Ermənistanın ABŞ-a yaxınlaşması Rusiya kimi təhlükəli düşmən qazanmasıdır:

“Bu da ermənilərin vəziyyətini bir az da ağırlaşdırır. Bu yaxınlaşmanı Rusiya Ermənistana heç vaxt bağışlamaz. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya son dövrlər kifayət qədər real siyasət yeritməyə çalışır və sonuncu sərhəddə baş verən qarşıdurma zamanı ABŞ-dan, Fransadan və digər ermənipərəst qüvvələrdən fərqli olaraq Rusiya neytral mövqedə durdu. Sərhəd insidenti dedi ki, bu erməniləri həddindən artıq çox qıcıqlandırdı və ondan sonra Ermənistanın təbliğat məqsədilə səfirləri Çernok bölgəsinə aparmasında Rusiya səfiri iştirak etmədi. Düzdür, səfirliyin nümayəndəsi getdi, ancaq ABŞ-ın, Fransanın və digər dövlətlərin səfirləri iştirak etdiyi halda, Rusiya səfiri orada iştirak etmədi. Bu da ermənilərə çox ciddi şok yaşatdı. Nəhayət BMT Təhlüksəizlik Şurasının iclasında məsələ müzakirə olunarkən, yenə də Rusiya Ermənistanın istədiyi mövqeyi tutmadı və heç bir sənəd qəbul olunmamasının səbəblərindən biri də Rusiyanın tutduğu mövqe oldu ki, bunu da ermənilər çox böyük qəzəblə, narazılıqla ifadə edirlər. Bütün bunları nəzərə alsaq, ABŞ -ın Ermənistana silah yardım etməsi mümkünsüzdür, Amerika heç vaxt buna getməz. Bu, nə Amerikanın, nə də Ermənistanın maraqlarına cavab vermir. Yalnız siyasətdən uzaq adamlar çox təəssüf ki, bizdə də kifayət qədər elələri var və bu cür iddialarla çıxış edə bilərlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az