Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sərhəddənkənar əməliyyatı ilə ələ keçirdiyi bildirilən kürd terrorçu Atilla Çiçəyin ailəsi onun üzvü olduğu Xalq Müdafiə Qüvvələrinə (XMQ, PKK-nın hərbi qolu – red.) müraciət edərək övladlarının taleyindən narahat olduqlarını bildiriblər.
Hadisə ilə bağlı təşkilat açıqlama yayıb və Atilla Çiçəyin (kod adı Leheng), eləcə dəHüseyn Yıldırımın (kod adı Alişer) MİT-ə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən verildiyini iddia edib.
Ermənistanın datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, adıçəkilən şəxslər 2021-ci ilin avqustunda Ermənistanla sərhəddə dövlətqüvvələri ilə qarşılaşıb və həbs olunublar. Onlara qarşı Ermənistan sərhədini qanunsuz keçmək və respublikaya qaçaqmalçılıq yolu ilə silah-sursat gətirmək kimi rəsmi ittiham irəli sürülüb.
Sünik vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi onların həbs cəzasını 3 il sınaq müddətli şərti cəza ilə əvəz edib. 
Bəyanatda, Xalq Müdafiə Qüvvələri həmçinin bütün səlahiyyətliləri terrorçuların harada olduqları barədə ailələrinə məlumat verməyə çağırıb. Türkiyə mətbuatının məlumatına görə, 2012-ci il sentyabrın 25-də terrorçu Hüseyn Yıldırım Tunceli vilayətinin Çiçəkli kəndində “Türk Telekom”a məxsus avtomobili ələ keçirərək içərisinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra terrorçu bu avtomobili Atatürk bölgəsində Türkiyə ordusunun hərbi maşınının yanında partladıb. Nəticədə 6 əsgər, eləcə də ətrafdakı bir nəfər həlak olub.
29 avqust 2020-ci il tarixində terrorçu Yıldırım İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın həyata keçirib. Nəticədə iki əsgər şəhid olub. Digər terrorçu Atilla Çiçək isə uzun illərdir Türkiyə ilə həmsərhəd Suriya və İranda terror fəaliyyəti ilə məşğul olub. 


