“Bir qrup İran qadınlarının ləyaqətli hərəkəti bizim İran şəbəkəsi tərəfindən məzəmmət olunmuş çox sayda inancı olan insanların islahına səbəb ola bilər. Onlar burada İrana bənzər bir adda rejim qurmaq üçün təbliğatçı rolunu oynayırdılar. Amma indi görsünlər ki, İranda məhz qadınlar ləyaqətsiz yaşamaqdan bezdiklərinə görə küçələrə tökülüblər. Geyimə görə, yalandan hicab qadağasına görə bir qadının öldürülməsinə etiraz edirlər. Bunun ölkəmizdə olan insanlar üçün tərbiyəvi əhəmiyyəti böyük ola bilər. Çünki ən azından Azərbaycanda insanlar gördülər ki, belə bir rejim insan həyatı üçün, mənəviyyatı üçün nə qədər böyük və ciddi təhlükədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa İrandan baş verən son hadisələri şərh edərkən deyib. Deputat bildirib ki, bu insanlar qəfəsdən qurtulmağa istəyirlər:
“Bu, xüsusilə, “din qəfəsi” adı ilə bir vəhşi idarəetmədən bezmiş insanların hayqırtısıdır. İnsan haqları konteksində də məsələyə yanaşanda böyük bir xalqın faciəsidir. İndi bu proseslərin necə cərəyan edəcəyini dəqiq demək çətindir. Hər halda, bu etirazların müəyyən nəticəsi olacaq. Çünki İran molları tamamilə dəxli olmayan bir yaşam tərzinə sahibdirlər. Amma cəmiyyətdən ciddi tələbləri var. İnsanlar baxır ki, özlərinin İslam adı ilə qətiyyən yaşamasında heç bir əlamət yoxdur, amma başqasını İslam adı ilə qəfəsə soxur, məhdudiyyətlər gətirir. Ona görə də, düşünürəm ki, bu etirazların nəticəsi olmalıdır”.

Millət vəkili İranda çox böyük sosial problemlərin olduğunu vurğulayıb:
“İranda aclıq, susuzluq hökm sürür. Hətta elə şəhərlər, vilayətlər var ki, su problemi fəlakətli vəziyyətdədir. Əhali sanksiyalardan çox usanmış vəziyyətdədirlər. Üstəlik də, İran işğalçılıq siyasəti aparır və terrorizmi dəstəkləyir. İrandan xeyli sayda terroristlərə pul ayırılır. Bunlar da cəmiyyətdə haqlı narazılıqlara səbəb olur. Hər halda, bütün baş verənlərin bizdə tərbiyəvi əhəmiyyəti olacaq. Ölkəmizdə ayrı-ayrı yerlərdə təbliğat aparan, ayrı-ayrı şəhid dəfnlərinə gəlib hoqqabazlıq edənlərə müəyyən dərəcədə ən azından cavab verməyə Azərbaycanın cəmiyyətində müəyyən sözlər olacaq. Digər insanlarımız da bundan dərs alacaqlar ki, öz ölkəmizin, öz dövlətimizin qədrini bilək. İranda yaşamağın dəhşətinin nə olduğunu indi İran qadınlarının obrazında daha aydın gördünüz. Ona görə də, ölkəmizin daha yaxşı həyata qovuşması, daha yaxşı sivil bir inkişafda olması üçün hər birimiz vətəndaş olaraq dəstək verməliyik”.
Aynurə Demokrat.az


