Daxili siyasət Özəl

Deputat: “Passiv siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılmalıdır”

Deputat: “Passiv siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılmalıdır”

Ölkəmizdə fəaliyyət göstərən 39 siyasi partiyasının müraciəti əsasında Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı hazırlanaraq ictimai müzakirələrə təqdim olunmuşdur.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan son 30 ildə böyük inkişaf yolu keçmişdir.

Deputat qeyd edib ki, cəmiyyətin hər bir sahəsində böyük dəyişikliklərə imza atılmışdır:

“Ölkədə iqtisadi və idarəetmə sistemində islahatlar aparılmış, siyasi mühitin isə daha da demokratikləşdirmə prosesi davam etməkdədir. Demək olar ki, bütün siyasi partiyalar arasında dialoq mühiti formalaşmış, milli maraqları kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyəti formalaşmışdır. 44 günlük Vətən müharibəsində siyasi baxışlarından asılı olmayaraq demək olar ki, bütün partiyaların birləşərək həmrəylik nümayiş etdirməsi və xalqımızın haqq işini dəstəklənməsi yeni reallıqdır. Müharibədə qazanılmış qələbədən sonra yaranmış yeni reallığa uyğun siyasi partiyaların aktivliyinin artırılması və siyasi proseslərdə iştirak edərək cəmiyyətin aktiv qüvvəsinə çevrilməsi aktuallaşmışdır. Hesab edirəm ki, passiv mövqedə dayanan və siyasi proseslərdən kənarda qalmağına üstünlük verən siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılması da zəruridir. İctimai müzakirələrə təqdim olunmuş qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilmişdir”.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsində siyasi partiyaların fəaliyyətində keyfiyyətin artmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulmuşdur:

“Qanun layihəsi ilə bağlı Milli Məclisdə ictimai müzakirələr keçiriləcəyi nəzərdə tutulur və səsləndiriləcək yeni səmərəli təkliflər nəzərə alınacaqdır. Milli Məclisin payız sessiyasında geniş müzakirələr aparılmaqla, “Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul olunacaqdır. Hesab edirəm ki, qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az