“Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşlərə böyük ümid bəsləyir və artıq 4-cü raundu keçirilən danışıqlardan sonra Ermənistan öz maraqlarına uyğun olan addımların atılmadığının şahidi olur. Bunun göstəricisidir ki, Şarl Mişelin bəyanatında nə ATƏT-in Minsk qrupu, nə Dağlıq Qarabağ, nə də statusa dair hər hansı bir fikir səsləndirilməyib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib. Politoloq vurğulayıb ki, Azərbaycanın diqtə etdiyi şərtlər öz real nəticələrini artıq tapır:
“Belə olan çətin geosiyasi durumda Ermənistanın siyasi hakimiyyəti həm sülhün üzərinə kölgə salmaq, təxribatçı addımlar atmaq, eyni zamanda qlobal səviyyədə, böyük qlobal müstəvisində olan ABŞ və Rusiya arasında təmaslar qurmağı hədəfləyir. Brüssel görüşündən sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndinə səfər etdi, eyni zamanda biz mütəmadi olaraq Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulduğunu şahidi oluruq. Digər bir tərəfdən Ermənistanın müdafiə naziri ABŞ-a, xarici işlər naziri Rusiyaya səfər etmişdir. Hətta, Nikol Paşinyanın da Rusiyaya səfəri planlaşdırılır. Bütün bunlar onu göstərir ki, Ermənistan bütün tərəflər arasında siyasi gedişlər edərək, öz maraqlarının təmin olunmasına çalışır. Eyni zamanda, səfərlərin trayektoriyası da bunu deməyə əsas verir”.
Politoloqun sözlərinə görə, hazırda Cənubi Qafqaz uğrunda mübarizə gedir və bu mübarizə qlobal güclər hesab olunan Rusiya və ABŞ arasında davam etdirirlir:
“ABŞ regional proseslərdən bir qədər kənardır və Avropa İttifaqı əsas vasitəçidir. Lakin ABŞ dolasıyla Brüssel sülh gündəliyini dəstəkləyir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalamasını əsas təşəbbüskarıdır. Lakin Ermənistan qəliz geosiyasi vəziyyətdə, çaşqın durumda olduğunu da qətiyyən gizlətmir. Vətən müharibəsində də biz bunu görmüşdük. O dövrdə Ermənistanın prezidenti Armen Sarkisyan kritik bir durumda Brüsselə səfər etmişdi və NATO-nun rəhbərliyi ilə görüşlər keçirtmişdir. Və KTMT-nin üzvü olan Ermmənistanın bu cür addımları rəsmi Kremldən də böyük narahatlıqla qarşılanmışdır. Hazırda da, eyni siyasi xətt müşahidə olunur. Ermənistan tərəfi regiona təslim imkanları minimal olsa da, istənilən güc mərkəzindən özünə dəstək qazanmağa çalışır və bununla vaxt udmağa, siyasi hakimiyyətini möhkəmləndirməyə və çox çətin durumda özünə haqq qazandırmağa çalışır. Nikol Pşainyanın İrəvana Brüsseldən gəldikdən sonra verdiyi açıqlamalar məhz bu zəmindədir. Lakin Nikol Paşinyanın hakim franksiyanın deputatları ilə keçirdiyi görüşlər ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ilə lazımi tədbirlərin həyata keçirilməsinin önəminin qeyd olunması da, onu deməyə əsas verir ki, Ermənistan üzərinə böyük öhdəliklər götürüb və bu öhdəliklərin artdıqca, Ermənistan onun üzərində hər hansısa gedişlər edə bilmir və manevr etmək imkanları da çox məhdudlaşır”.
Aynurə Pənahqızı Demokrat.az


