Siyasət Özəl

Səməd Seyidov: “Azərbaycan Avropa Birliyi üçün ən uyğun və ən etibarlı tərəfdaşdır”

Səməd Seyidov: “Azərbaycan Avropa Birliyi üçün ən uyğun və ən etibarlı tərəfdaşdır”

“Azərbaycan və İtaliya münasibətlərini Azərbaycanın xarici diplomatiyasının, Azərbaycanın xarici siyasətinin böyük uğurlarından biri kimi qiymətləndirirəm”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov deyib. Deputat qeyd edib ki, bu gün Avropa məkanında güclü, nüfuzlu və xüsusi yer tutan İtaliya ilə münasibətlər yüksək səviyyədədir:

“Bu münasibətlər təkcə iqtisadi əlaqələrlə məhdudlaşdırılmır. Siz bilirsiniz ki, İtaliya Avropada bizim ən böyük ticari partnyorumuzdur. Bu gün biz azərbaycançılıq ideyasının Avropada genişlənməsinin, möhkəmlənməsinin və özünəməxsus yerin tutulmasının şahidi oluruq. Bu səfər çərçivəsində mən ADA Universitetinin rektoru hörmətli, Hafiz müəllimi də təbrik edirəm. Ona görə ki, Azərbaycan- İtaliya Universiteti yaradıldı. Azərbaycan-İtaliya Universiteti Azərbaycan dəyərlərini, azərbaycançılıq ideyasını, Azərbaycanın dünyagörüşünü İtaliya vasitəsilə, universitet və təhsillə dünyaya çatdıracaq. Buna görə də, söhbət yalnız iqtisadi və iqtisadiyyatla bağlı olan məsələlərdən yox, o cümlədən Azərbaycanın İtaliya vasitəsilə Avropada və Qərbdə yerinin möhkəmlənməsi, genişlənməsi nöqteyi-nəzərdən təhlil olunmalıdır”. “Biz bu gün Avropa Birliyi ilə münasibətlərdə çox yüksək səviyyədə işlər görürük. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Avropa Birliyi üçün ən uyğun və ən etibarlı tərəfdaş kimi qiymətləndirmişdi. Bu gün biz bunun inkişafını konkret olaraq Azərbaycan-İtaliya münasibətlərində görürük. Əminəm ki, bu münasibətlər Azərbaycanın Avropa ilə işlərinə böyük təsir göstərəcək. Təbii ki, Avropa-Azərbaycan-İtaliya münasibətlərinə də müsbət təsir göstərəcək. Bununla yanaşı, ümumiyyətlə, Azərbaycan-Avropa, Azərbaycan-Qərb münasibətlərinə müsbət təsir göstərəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az