“Cənubi Qafqazda davamlı və möhkəm sülhün yaranması istiqamətində Azərbaycan və Türkiyənin birgə koordinasiya olunan fəaliyyəti addım-addım müsbət işini görməkdədir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. Politoloqun sözlərinə görə, bu fəaliyyət 2022-2023- cü illərdə Azərbaycan–Ermənistan münasibətlərinin yaxınlaşması ilə nəticələnəcək:
“Regionda etibarlı sülhün yaranaması üçün başqa alternativ yoxdur. Məhz Azərbaycan Prezidentinin uzaqgörənliyi sahəsində 10 noyabr anlaşması bu günlər üçün hesablanmış sənəd olaraq qiymətləndirilməlidir. Laçın dəhlizinin ləğv edilməsi (artıq belə bir termin mövcud deyil) və Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün Ermənistana yeni yolun çəkilməsi ilə yanaşı Zəngəzur dəhlizinin gündəmə gəlməsi münasibətlərin normallaşması istiqamətində bünövrə qoyuluşudur. Bu yolun əhəmiyyəti isə region dövlətləri üçün əvəzedilməzdir”.
V.Əfəndi əlavə edib ki, hazırda ciddi sıxışdırılan Rusiyanın Zəngəzur dəhlizində maraqlı olması reallığı əks etdirir:

“Bu yol təkcə bizə deyil, dünya əhalisinin yarısından çoxu yaşayan Çin, Hindistan,İndoneziya və Pakistan üçün yeni iqtisadi şərait yaradacaq. Avropa İttifaqının sülh danışıqlarına diqqəti də təqdirəlayiqdir. Bu günlərdə Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunmuş növbəti danışıqlar Rusiyanın marağının artmasına səbəb olub. Lavrovun Zəngəzur dəhlizi bağlı müsbət bəyanatı da gələcəkdə sülh razılaşmasının imzalanmasına işarədir. İranın nüvə danışıqlarında ABŞ-la yaxınlığı fonunda Lavrovun Zəngəzur açıqlamasını İrana cavab kimi də dəyərləndirmək olar. İran, Fransa və ABŞ–ın özlərini şübhəli aparması prosesi ləngidə bilməyəcək. ABŞ və Fransa səfirlərinin Azərbaycan hakimiyyətinin Şuşada təşkil etdiyi tədbrinə qatılmamasının səbəbini erməni lobbisinin fəallaşması ilə əlaqələndirlisə də, İranın bu dəstəyə qoşulması narahatçılıq yaradır. ABŞ dövlət katibinin fəaliyyəti bitmiş “Mİnsk qrupu”na həmsədr təyin etməsi və ardından ABŞ tərəfindən Qarabağ iqtisadi rayonu ərazisində yaşayan bir qrup separatçı dəstənin nümayəndəsinin konqresə dəvət edilməsi, özünü tərəfdaş hesab edən dövlətlərin davranışlarına ziddir”.
Aynurə Pənahqızı Demokrat.az


